Dünya bazarında ərzaq qiymətləri ucuzlaşsa da, Azərbaycanda bahalıq davam edir
Ekspert: “Əsas səbəb inhisar və ərzaq istehsalının az olmasıdır”
Dünya bazarında əsas ərzaq qiymətlərində ucuzlaşma olsa da, Azərbaycanda bu məhsullar bahalaşır. Hökumət üzvləri ənənəvi olaraq ölkədəki qiymət artımını xarici təsirlərlə əlaqələndirsələr də, hazırkı ucuzlaşmanın niyə Azərbaycan bazarlarında hiss olunmaması əlavə suallar yaradır.
İqtisadçı ekspert Vahid Məhərrəmli deyir ki, Azərbaycanda qiymətlərin baha olmasının əsas səbəblərindən biri ərzaq məhsullarının kifayət qədər istehsal olunmamasıdır.
Onun sözlərinə görə, ikinci əsas səbəb isə inhisardır.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hər ay dünya bazarındakı qiymətlərinin monitorinqini təqdim edir. Orada əsas məhsullar taxıl, düyü, bitki yağları, ət, süd, şəkər və s. qiymətləri təqdim edilir.
Mən 2 ilə yaxındır həm dünya bazarındakı artımları cədvəl üzrə qeydə alıram, həm də bizim Dövlət Statistika Komitəsinin məlumatlarını. Uzun müddətdir dünya bazarında ət, süd, bitki yağları, buğda kimi əsas ərzaq məhsulları ucuzlaşır. Son ayda 4.5 faiz ətdə, 8 faizə qədər bitki yağında ucuzlaşma var.
Azərbaycanda isə artım müşahidə olunur. Üstəlik qiymət artımları çox aşağı fazilə göstərilir, 0,4-0,6 faiz və s. Bu manipulyasiyanı ona görə edirlər ki, Azərbaycanda çox ciddi bahalaşma olduğu haqda fikir formalaşmasın. Ən əsası isə Azərbaycan hökuməti inflyasiyaya uyğun əməkhaqqı artımı etməlidir, ona görə də bahalaşmanı aşağı faizlə göstərir”, – deyə iqtisadçı bildirib.