• 25 Noyabr 2024 04:18

Əliyevlə Paşinyanın İspaniyada görüşü gözlənilir.

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 24-də televiziya vasitəsi ilə xalqa müraciət edib.

Paşinyan öz çıxışında Dağlıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyindən rəsmi Bakı və Rusiya sülhməramlılarının məsuliyyət daşıdığını deyib.

“Əgər Dağlıq Qarabağ ermənilərinin evlərində yaşamaqları üçün müvafiq şərtlər yaradılmasa və etnik təmizləməyə qarşı effektiv müdafiə mexanizmləri olmasa Dağlıq Qarabağ erməniləri həyatlarını və kimliklərini qorumaq üçün vətənlərini tərk etməyi yeganə yolun kimi görəcəkləri ehtimalı artır” – Paşinyan müraciətində deyib.

O, əlavə edib ki, ehtiyac olacağı təqdirdə Dağlıq Qarabakdakı erməni sakinləri Ermənistana qəbul edəcəklər:

“Ermənistan Dağlıq Qarabağdan olan qardaş və bacılarımızı tam qayğı ilə qəbul edəcək” – Paşinyan əlavə edib.

Azərbaycan hakimiyyəti Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin nümayəndələrinə inteqrasiya planlarını təqdim edildiyini açıqlayıb.

Qeyd edək ki, bugün, sentyabrın 24-də bir qrup erməni sakinin artıq Qarabağı tərk etdiyi bildirilir.

Paşinyan Ermənistanın təhlükəsizliyindən də danışıb

Ermənistan baş naziri xalqa müraciətində Rusiyaya və rəsmi Moskvanın regional təhlükəsizliklə bağlı səylərinə dair də tikanlı çıxış edib:

“Azərbaycanın Ermənistana hücumu göstərir ki, bizim təmsil olunduğumuz xarici təhlükəsizlik sistemləri Ermənistanın dövlət maraqları və təhlükəsizliyi baxımından effektiv deyil.” – Paşinyan çıxışında deyib.

Rusiya rəsmiləri isə böhranı idarə edə bilmədiyi üçün Paşinyanı günahlandırır və təkrarən Ermənistanın regionda az sayda müttəfiqi olduğunu xatırladırlar.

Əliyevlə Paşinyanın görüşəcəyi gözlənilir

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın oktyabrın 5-də İspaniyada görüşəcəyi gözlənilir.

Qranadada keçirləcək danışıqlarda Fransa prezidenti Emmanuel Makron, Almaniya baş kansleri Olaf Şoltz və Aİ prezidenti Şarl Mişelin də iştirak edəcəyi bildirilir.

Hələlik, bu görüş barədə rəsmi açıqlama yayılmayıb.

Sentyabrın 19-da rəsmi Bakı “lokal antiterror tədbirləri”nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Bir gün sonra hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Xocavənd rayonu daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. (Azadliq radiosu)

Tacxeber.com

Oxşar xəbərlər