• 25 Noyabr 2024 05:34

“Şişirdilmiş pullardan 15 faizi Nəcməddin Sadıkova çatıb” – Məhkəmədə şok ifadələr

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili İntiqam Hacıyev vəsatətlə çıxış edib.

O, məhkəmə iclasının qapalı keçirilməsini istəyib. Bildirib ki, işdə Müdafiə Nazirliyinin əməkdaşları ifadə verib, onların ifadələrində dövlət sirri təşkil edən məlumatlar var. Vəkil bu məlumatların hərbi hissələrin adı, ünvanı ilə izah edib.

Prokuror Vüsal Mehrəliyev isə vəsatətin təmin edilməməsini istəyib. O deyib ki, işdə dövlət sirri təşkil edən heç bir məlumat yoxdur. Hakimlər isə vəsatəti təmin etməyib.

Daha sonra şahid qismində Rəhim Laçınov ifadə verib. O bildirib ki, Mənzil İstismar İdarəsinin əsaslı təmir bölməsinin rəisi vəzifəsində işləyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, görülən təmir işlərinə nəzarət edib, xidmətlə bağlı Fikrət Mirzəyevin tabeliyində olub.

Şahid qeyd edib ki, şirkətlərə ödənilən pulların bir hissəsində məbləğlər şişirdilərək nağdaşdırılaraq geri qaytarılıb: “Pulları mən göstərmişəm, Fikrət müəllimə çatdırmışam. Pulların başqa şəxslərə verilməsindən xəbərim olmayıb. Həmin pullardan Nizami Məmmədova çatdığını dəqiq bilməmişəm. Başqa şəxslərin adlarını eşitməmişəm. Pulların başqa şəxslərə verilməsindən xəbərim olmayıb. Həmin pullardan Nizami Məmmədova çatdığını Fikrət müəllimdən eşitmişəm. Başqa şəxslərin adlarını eşitməmişəm”.

Prokurorun suallarını cavablandıran şahid deyib ki, Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova neçə faizinin çatmasını bilməyib.

Məhkəmədə elan olunan ifadəsindən isə məlum olub ki, şirkətlərdən şişirdilmiş geri qaytarılan pulların 3 faizi Fikrət Mirzəyevə, 3 faizi Nizami Məmmədova, 15 faizi isə Nəcməddin Sadıkova çatıb.

Şahid isə istintaqa verdiyi ifadəsində belə danışmasını bu cür izah edib: “Mən gördüm ki, Fikrət müəllim belə ifadə verib. Mən də belə ifadə verdim”.

Daha sonra şahid suallara cavab olaraq deyib ki, ona həmin pullardan heç bir faiz çatmayıb: “Şirkətlər mənə qonaq verirdi. Amma konkret rəqəm olmayıb. Çib xərcliyi veriblər”.

Bundan sonra Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov şahid qismində ifadə verib. Onun sözlərinə görə, ittihamda yazılıb ki, Fikrət Mirzəyev 3 dəfəyə ona ümumilikdə 369 min manat verib: “Amma bu düzgün deyil. Mənə pul çatmayıb. Mənzil istismarı idarəsi işlərini özləri görüəblər. Bizimlə heç bir əlaqələri olmayıb. Onların özlərinin büdcələri olub. Özləri şirkətlərlə sifariş veriblər, iş görüblər”.

Suallara cavab verən Nizami Məmmədov Nəcməddin Sadıkova bəzilərinin dediyi miqdarda yox, bir neçə milyon manat verdiyini deyib.

Daha sonra zərərçəkmiş Maliyyə Nazirliyinin nümayəndəsi izahat verib. O, dövlətə dəymiş ziyanın ödənilməsini istəyib.

Növbəti proses oktyabrın 9-a təyin olunub.

İttihama görə, cinayət işi üzrə ziyan 3 milyon 380 min manat ziyan var.

Fikrət Mirzəyev ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ziyanın 111 min manatı ona aid olub, o da həmin məbləğdə olan ziyanı dövlət büdcəsinə ödəyib.

Fikrət Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov və nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovla birlikdə həbs edilib.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər