Venesuelada 17 il həbs cəzası çəkən “Nino” (uşaq) ləqəbli dəstə lideri Hektor Qerreronun ildə 3 milyon dollar qazandığı məlum olub.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Nino ölkənin ən güclü karteli “Tren de Araqua”nın liderlərindən biridir.
Belə ki, onun qaldığı “Tocoron” həbsxanasında hovuz, zoopark, gecə klubları, barlar, restoranlar və uşaq meydançası kimi müəssisələr qurduğu müəyyən edilib.
Dəstə üzvləri ilə birlikdə həbsxanaya nəzarəti ələ keçirən Nino bu yerləri işlətməklə pul qazanıb.
O, bu yerlərdən istifadə etmək müqabilində məhbuslardan həftəlik 15-20 dollar pul alıb.
Həmçinin Nino həbsxanadakı ikimərtəbəli binalardan birini dəbdəbəli villaya çevirib.
Bundan əlavə səlahiyyətlilər ötən gün həbsxanaya nəzarəti bərpa etmək üçün 11 min əsgərlə əməliyyat keçirib.
Nino xəbərdar edilib və 400-500 dəstə üzvü ilə qaçıb.
Qaçan dəstə üzvlərindən 60-ı saxlanılıb.
Ninonun Peru və ya Kolumbiyaya qaçdığı güman edilir.
Qeyd edək ki, ölkədəki 53 həbsxanadan 8-i dəstənin nəzarəti altındadır.