• 21 Noyabr 2024 18:57

ABŞ-da məhz ilk teledebat gələcək prezidentini kimliyini müəyyən etdi.

26 sentyabr 1960-cı il, ABŞ-da ilk dəfə prezidentliyə namizədlər arasında teledebat keçirilir.

Prezidentliyə namizədlər həmin dövrdə vitse-prezident vəzifəsini tutan respublikaçı Riçard Nikson və demokratların namizədi senator Con Kennedi idi. Prezident Duayt Eyzenhauer iki dəfə seçildiyindən daha namizəd ola bilməzdi.

Nikson daha təcrübəli siyasətçi sayılırdı. O, 8 il idi ki, vitse-prezident vəzifəsini tuturdu, ondan əvvəl də konqresmen və senator olmuşdu. Kennedinin karyerasında bir senatorluq müddəti vardı ki, bu zaman da xüsusi bir şeylə yadda qalmamışdı.

Hovard Smitin moderatorluq etdiyi ilk debat daxili məsələlərə həsr olunmuşdu. Niksonun xarisi siyasət sahəsinda daha güclü olmasına baxmayaraq, obyektiv cəhətdən daha yaxşı çıxış etdi. Amma bu debatlar zamanı məlum oldu ki, seçicilər üçün nə deməkdən daha çox, necə demək önəmlidir.

Nikson üzünün qrimlənməsini istəməmişdi, buna görə də yeni çıxan tükləri görünürdü. Yorğun təsir bağışlayırdı, tez-tez tərini silirdi, saatına baxırdı. Ən böyük səhvi isə seçdiyi kostyumun rəngi idi. Studiyadakı fon ilə eyni rəngdə olan kostyum Niksonu görünməz edirdi. Kennedi isə daha gənc, daha gümrah, daha arxayın və qara kostyumu ilə daha nəzərəçarpan idi.

Mütəxəssislərin fikrincə, debat radioda keçirilsəydi, Nikson qalib gələrdi, televiziyada isə uduzdu. Bu debatlara qədər Kennedi bir qədər dalda idi, debatdan sonra bir qədər önə keçdi. Səsverməyə qədər daha üç debat baş tutdu, amma birinci qədər ajiotaj doğurmadı və nəticələrə təsir göstrmədi.

1960-cı il prezident seçkiləri ABŞ tarixində ən gərgin seçkilərdən biridir. Kennedi 49,72%, Nikson isə 49,55% səs topladı. Doğrudur, seçimçilərin nisbətində fərq daha böyük idi: 303 və 219.

Nikson-Kennedi debatı siyasi texnologiyalara siyasətçilərin xarici görkəmi, davranışları, əl-qol hərəkətləri ilə bağlı yeniliklər gətirdi.

Yetərincə rezonans doğurmasına baxmayaraq, sonrakı üç prezident seçkilərində debatlar keçirilmədi. Yalnız 1976-cı ildə Ford və Karter arasında baş tutdu və o vaxtdan mütəmadi keçirilir.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər