• 26 Noyabr 2024 01:40

Həkimdən Paşayeva ilə bağlı açıqlama: Koma səbəbi

Koma – gedən proseslər nəticəsində müxtəlif maddələrlə orqanizmin daxili zəhərlənməsi və sinir sisteminin, beyin qabığının zədələnməsidir. Bu zaman insanın huşu gedir. Koma qan təzyiqinin aşağı olması, böyrək funksiyasının pozulması, orqanizmdə gedən müxtəlif ağır proseslər, xərçəng, müxtəlif dərman preparatları, psixatrop dərmanların artıq dozları və bu kimi çoxsaylı səbəblərdən ola bilər.

Bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Adil Qeybulla bildirib ki, hər bir koma vəziyyətində proqnoz fərqlidir:

“Komanın da orqanizmin reflekslərinin nə dərəcədə saxlanmasından asılı olaraq dərəcələri var. Dərin komada reflekslər tam itə bilir. Həmçinin, proqnoz xəstəliyin gedişindən də asılı olur. Ola bilər ki, xəstə komaya girsin və sonra vəziyyəti getdikcə ağırlaşsın. Yaxud əksinə, komadan tez bir zamanda ayılsın. Bu, əsasən, qaraciyər mənşəli komalarda müşahidə olunur və xəstələr düzgün müalicə alarsa, bu vəziyyətdən çıxa bilirlər. Lakin elə situasiyalar var ki, xəstəni komadan çıxarmaq tibbin əlində deyil. Xəstənin ayılması onu komaya salan maddənin aşırı dozası, orqanizmdə gedən prosesin dərinliyi kimi hallardan asılıdır. Komaya düşən xəstə bir neçə günə, yaxud 1 ilə də ayıla bilər. Belə ki, bu, orqanizmin özünü bərpasından və beyin qabığının bu məsələyə nə dərəcədə reaksiya verməsindən asılıdır”.

O əlavə edib ki, insanların komaya düşməsi ağır iş rejimindən irəli gəlmir, bu halda yalnız ürəkkeçmələr, kollaptoid vəziyyətlər ola bilər.

A.Qeybulla millət vəkili Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı da danışıb:

“Qənirə xanımı müayinə etmədiyimə görə bu barədə dəqiq fikir deməyim çətindir. Ancaq onun evdə belə ağır vəziyyətdə komaya düşməsi göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Neçə gündür hər cür yüksək ixtisaslı həkimlər onun səhhətini diqqətdə saxlayırlar. Həmçinin, dövlət səviyyəsində hər cür yardımlar göstərilir. Buna baxmayaraq, səhhətində hələlik irəliləyişin olmaması vəziyyətin ciddi olduğunu bir daha təsdiqləyir. Bütün halda Qənirə xanıma şəfa diləyirəm.

Qənirə xanımın komadaykən müalicəsinin davam etdirilməsi onun ayılma ehtimalının həmişə olduğunu göstərir. Müalicənin əsas hədəfi də məhz komadan tez bir zamanda mümkün qədər itkilərsiz ayılmasıdır. Amma bunun nə dərəcədə nəticə verəcəyi onu komaya salan səbəbdən və həmin müddət beyin qapağının nə dərəcədə əziyyət çəkməsindən asılıdır”.

Tacxeber.com

Oxşar xəbərlər