• 24 Noyabr 2024 12:33

Karantin müddəti yenə uzadıldı. “Bu, insan hüquqlarının mənasız və axmaqcasına pozuntusudur”

Hüquqşünas: “Bu, insan hüquqlarının mənasız və axmaqcasına pozuntusudur”

Azərbaycanda karantin rejimi növbəti dəfə uzadıldı, quru sərhədlər yenə bağlı qaldı. Bununla əlaqədar Nazirlər Kabineti qərar verib. Yeni qərarla karantin rejimi 2 yanvar 2024-cü ilədək davam edəcək. Karantin müddətinin uzadılması isə ənənəvi olaraq Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqələndirilib.

Son illər Azərbaycanda quru sərhədlərin bağlı qalması vətəndaşların etirazı ilə qarşılanır. Sosial şəbəkələrdə və Nazirlər Kabinetinin qarşısında etirazlarını bildirən vətəndaşların isə rəyi nəzərə alınmır.

Hüquqşünas Səməd Rəhimli hesab edir ki, bu, vətəndaşların hərəkət azadlığının kobud şəkildə pozulmasıdır.

“Pandemiyanın pik dövründə bütün ölkələr sərhədləri bağlayanda Azərbaycanın da sərhədləri bağlaması əsaslandırıla bilərdi. Ancaq indi bütün ölkələr sərhədləri açıb, bircə Azərbaycanda bağlı qalır. Əgər iş Avropa Məhkəməsinə getsə, hökumət əsaslandıra bilər ki, təkcə quru sərhədlər bağlıdır, hava yolları açıqdır. Ancaq vətəndaşlar onu da bildirə bilər ki, təyyarə biletləri çox bahadır.

Amma biz onu da gördük ki, Avropa Məhkəməsi karantin rejimi ilə bağlı göndərilən işlərin bir çoxunu geri qaytarıb. Məhkəmə hesab edib ki, bu, ictimai səhiyyə ilə bağlı olan problemdir. Ona görə indidən demək olmaz ki, bu işə Avropa Məhkəməsində baxılsa, qərar nə olacaq. Mənim fikrimcə isə, bu, insan hüquqlarının mənasız və axmaqcasına pozuntusudur”, – deyə o, bildirib.

 

Azərbaycan 3 ildir quru sərhədlərini bağlı saxlayır.

Azərbaycanda 2020-ci ildən Covid-19 pandemiyası səbəbi ilə karantin rejimi tətbiq olunur. Ölkədə ilk koronavirusa yoluxma halı 2020-ci ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən etibarən isə xüsusi karantin rejimi elan edilib.

Bundan əvvəl iyunun 23-də Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılmışdı.

Ölkə başçısı İlham Əliyev 2022-ci ilin ilk 6 ayının yekunlarına dair çıxışında sərhədlərin bağlı saxlanılmasına ehtiyac olduğunu bildirmişdi.

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir”, – prezident demişdi. (Abzas.org)

Tacxeber.com

Oxşar xəbərlər