“Qarabağda edəcəyimiz ilk işlərdən biri salamat qalan arxiv materialları, statistikaya aid məlumatları, ermənicə qəzet və jurnalları, kitabları və kitabxanaları qorumaqdır. Ermənicə deyib heç nəyi kənara atmaq olmaz”.
Bu sözləri Millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu, ilk növbədə tədqiqatçılarımız üçün vacibdir.
“Orada baş verən proseslər barədə unikal materiallar üzə çıxarıla bilər. Bu barədə hər bir polisə, əsgər və zabitə təlimat verilməlidir. Biz Qərbi Azərbaycandan belə materialları vaxtilə gətirə bilmədik, bu bizə xeyli çətinliklər yaratdı. Bakıdakı kitabxanalarda, evlərdə olan ermənicə çap məhsullarının əksəriyyətini qoruya bilmədik. Belə məsələlərdə bayağı vətənpərvərlik rolu oynamazlar. Hər şeyə tədqiqat predmeti kimi baxılmalıdır. Bizdə yazıya, sənədə həssaslıq çox aşağı səviyyədədir. Hətta “Dədə Qorqud” kitabını özümüz qoruyub saxlaya bilmədiyimizə görə Vatikandan, Drezdendən tapmışıq. Yüzlərlə kitabxananı restorana, paltar mağazasına çevirməyimizə də soyuqqanlı baxışımız buradan qaynaqlanır. Heç olmazsa tarixin bu dönəmində başımız daşdan-daşa dəyəndən sonra praqmatik davranmalıyıq. Əminəm ki, nəyi yandırsalar da, nəyi sparsalar da, yenədə qalanların içində işimizə yarayanlar olacaq”. (Kulis.az)