• 21 Sentyabr 2024 00:28

Zirehli buldozer killdozer adı aldı.

53 yaşlı Marvin Himeyer 10 ildən çox idi ki, Kolorado ştatı, Qrenbi şəhəri yaxınlığında yaşayırdı. O, burada 2 akr (8 min kv. metr) əraziyə malik idi, öz emalatxanasında avtomobil təmiri və avtomobillər üçün səsboğucu satışı ilə məşğul idi.

Yaxınlıqda yerləşən Mountain Park Concrete beton zavodu öz ərazisini genişləndirmək istəyərkən Himeyerin də sahəsini almaq istəyir, amma qiymətdə razılaşa bilmirlər. Ətrafdakı sahələr alındığına görə, Himeyer öz ərazisinə gedən yoldan məhrum olur. Onun şikayətləri faydasız olur, şəhər administrasiyası beton zavodunun xeyrinə qərar çıxarır.

Himeyer 2002-ci ildə işlənmiş Komatsu D355A buldozeri alır və onu polad lövhələrlə örtməyə başlayır. Buldozerin əsasən kabinası, mühərrik hissəsi örtülür. Görünüş üçün bir neçə videokamera alınır və kabinadakı iki monitora qoşulur. Həmin kameralar gülləkeçirməz şüşə ilə örtülür. Kabinanın havasını sərinləşdirmək, videokameralardan tozu hava təzyiqi ilə üfürmək üçün də tədbirlər görülür.

2004-cü il iyunun 4-də saat 14.00-dan sonra Marvin Himeyer özünün zirehli buldozerinə oturdu və günahkar saydığı təşkilatlara aid binaları dağıtmağa başladı. Hadisə yerinə gələn polis, daha sonra da xüsusi təyinatlı qüvvələrın atdığı güllələr həyasız adamdan söz qayıdan kimi qayıdırdılar. Himeyer iki saat ərzində şəhərdəki 13 binanı dağıdır. Beton zavodu, şəhər ratuşası, onun əleyhinə yazan qəzetin redaksiyası, keçmiş merin evi və başqa binalar bu sırada olur. Gambles supermarketini dağıtmaq istəyərkən isə buldozerin radiatoru deşilir və xarabalıqlar arasında ilişir. Bundan sonra Himeyer atəş açaraq özünü öldürür. Onun cəsədini yalnız bir sutka sonra, zirehi kəsəndən sonra çıxarmaq oldu.

Himeyerin reydi şəhərə 7 milyon, o cümlədən beton zavoduna 2 milyon dollar ziyan vurur. Hadisə nəticəsində onun özündən başqa xəsarət alan olmadı. Killdozer adı verilən buldozer isə sonralar hissələrə bölünərək müxtəlif metallolomlara satıldı.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər