1967-ci ildə sovet vaxtı ermənilərin Xankəndinin girişində qoyduqları “Bizim dağlar” abidəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedir.
Abidənin kimə məxsus olması, hansı məqsədlə qoyulması və ən əsası abidənin oradan götürülüb-götürülməməsi ətrafında fikir mübadiləsi aparılır.
Tacxeber.com xəbər verir ki, müzakirələrə qoşulanlar arasında sosial ekspert Sahib Məmmədov da var. O hesab edir ki, abidə ilə bağlı səsləndirilən təkliflər beynəxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi fikirlər formalaşdırır:
“Hazırda Cenevrədəyəm. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 74-cü sessiyasında iştirak üçün gəlmişəm. Ermənistan BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt üzrə 4-cü dövrü hesabatını təqdim edəcək. Bizim təşkilatımız da Ermənistanın hesabatına iki alternativ hesabat təqdim edib. Onlar BMT-nin veb səhifəsində Ermənistanın hesabatı ilə birgə yerləşdilib. Hər kəs endirib baxa bilər. Hər ikisi Ermənistanın nifrət zəmnində və xalqımızın izini itirmək üşün mədəni irsimizi məhv etməsi haqqındadır (Paktın 15-ci maddəsi üzrə). Komitə üzvləri ilə görüşlər, üzvlər üçün brifinq və s. tədbirlər planlaşdırırıq, sonra sessiyada iştirak edəcəyik. Məqsədimiz Ermənistan dövlətinin vandal və irqçi siyasəti ifşa etməkdir.
Bunu niyə yazdım?
İndi baxın. Ermənistanın rəsmi nümayəndə heyəti gələn kimi öz dövlətində baş verənlər haqqında hesabat əvəzinə başlayacaq Azərbaycanın əleyhinə nəyi var deməyə. O cümlədən adı gedən abidənin şəkillərini də (təkcə onu yox) yayacaqlar. Təhrif olunmuş formalara salınmış şəkildə. Beləliklə bütün mədəni irsimizi məhv edən Ermənstan qalacaq kənarda. Bayaq bir xanıma yazmışam ki, belə etməyin. Mənə yazır ki,”Bəs Xocalı?”, “Bəs bizim abidələr?” və yaxud yazırlar ki, cəhənnəmə ki, beynəlxalq aləm bizim barədə belə düşnəcək filan. Azərbaycan hakimiyyətini və bu sahədə fəaliyyət göstərən azsaylı vətəndaş cəmiyyətini pis vəziyyətə qoymağınızın fərqində deyilsiz. Sıradan olanlar bir yana, ictimai xadimlər, hakimiyyətdə təmsil olunanlar, iqtidar qəzetlərinin rəhbərləri də (əlbəttə, hamısından söhbət getmir) bu cür şəkillər, nifrət dili olan şərhlər yazmağa və yaymağa girişib. Axı biz xalq olaraq heç vaxt vandalizmlə məşğul olmamışıq. Bizim ölkədə özgə mədəniyyətlərə həmişə hörmət olub və var. Hətta bizə düşmən olanların abidələrinə belə toxunmamışıq”.
S.Məmmədov bildirib ki, azərbaycanlı nümayəndələr söz demək istəyəndə Ermənistan QHT-ləri və onları dəstəkləyən beynəlxalq QHT-lər bu şəkilləri ortaya tökəcək:
“Hər şeyi anlayıram. Nifrətiniz varsa, içinizdə saxlayın. Dövlətimiz intiqam alacaq və alır. Amma hüquq müstəvisində. Necə ki, caniləri tutub mühakimə edirik, eləcə də hüquqi yollarla digər günahkarlar da cəzasını alacaq. Səbrli olun. Çalışın dövlətimizə ziyan vurmayın.
Qeyd: İşğalı xatırladan, caniləri qəhrəmanlaşdıran bütün “abidə” adlanan nə varsa, sökülməlidir. Yazdığımın onlara aidiyyatı yoxdur”.
Tanınmış aparıcı Rahil Sayadoğlu da S.Məmmədovla eyni fikirdədir. Onun sözlərinə görə, militar, hərbi-siyasi mesjı olmayan bir abidənin sökülməsi Azərbaycana müsbət nəsə verməz:
“Reinteqrasiyadan danışan, multikultural dəyərləri prioritet seçən bir ölkə olaraq belə həssas məqamda buna getməməliyik.
“Ermənilər bizim abidələri dağıtmışdı, biz də onlarınkını dağıdaq” revanşizm düşüncəsindən əl çəkməliyik.
Yerin altına girmiş “nənə-baba” ola bilsin ki, “bu dağlarda bizimkilər yaşayıb” mesjını verir, versin də. Başlarının üstündə 3 rəngli bayrağımızı ucaldırsan, vəssalam. Suveren Azərbaycan ərazisində kiminsə babasının yaşaması bizi narahat etməməlidir.
Bu qədər beynəlxalq təzyiqin fonunda bizim abidə uçuran vaxtımız deyil. Orada yaşayan ermənilər üçün az-çox mənəvi anlamı var. Onu da söküb dağıdaq, erməni də dünyaya göstərsin ki, dilsiz-ağızsız daşa bunu edən, bizə nələr etməz. Bu, varvarlıq olar. Ehtiyac yoxdur.
Orada ucaldılacaq bayrağın, ətrafında patrul xidməti aparacaq polisin verdiyi mesaj “tatik-papik”dən daha ağırdır”.