ABŞ-da təxribat: Ermənilər Türkiyə səfirinə hücum ediblər – Video
ABŞ-ın Los-Anceles şəhərində Cənubi Kaliforniya Universitetində (USC) keçirilən və Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan və Azərbaycanın Los Ancelesdəki baş konsulu Ramil Qurbanovun qatıldığı “Türkiyə Xarici Siyasətində Xalq Diplomatiyasının Rolu” adlı konfransa erməni təxribatçıları kölgə salıb.
Verilən məumata görə, konfransın əvvəlində Ermənistan bayrağı daşıyan bir qrup erməni təxribatçılar konfransın ləğvini tələb edərək etirazlarını bildiriblər.
Təhlükəsizlik və polis səfir Mercan və Azərbaycanın Los Ancelesdəki baş konsulu Ramil Qurbanova şifahi hücum edən təxribatçıları zaldan çıxarıb. Bu dəfə Mərcan kürsüyə çıxaraq çıxış edəndə daha bir qrup erməni etiraz etməyə başlayıb. Qrupu çıxarmaq üçün polis və təhlükəsizlik qüvvələri təxminən 15 dəqiqə çalışıb. Konfrans boyu çöldə gözləyən təxribatçılar səs-küy salaraq proqramı pozmağa çalışıblar. Yenidən binaya girməyə çalışan qrupa polis və təhlükəsizlik qüvvələri müdaxilə edib.
Tərəflər arasında dava düşüb.
Konfransdan sonra bəzi türk rəsmiləri bayırda erməni təxribatçıları tərəfindən fiziki və şifahi hücuma məruz qalıb.
Xarici İşlər Nazirliyinin bəyanatında: “Ölkəmizi və Azərbaycanı, son zamanlar Ermənistan hökumətini və regionda sülh prosesini hədəf alan radikal diaspor qruplarının nifrət dilinin zorakılıq aktlarına çevrilməsi narahatedicidir. Nümayəndə heyətimizə fiziki hücum edənlərə qarşı lazımi hüquqi prosesi başladacağıq”, – deyə bildirilir.
AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabında mesaj paylaşıb: “Yunus Əmrə İnstitutunun Los Ancelesdə təşkil etdiyi və Vaşinqton səfirimiz Murat Mercanın da iştirak etdiyi proqrama qarşı təxribatçı erməni qruplarının təcavüzkar cəhdini şiddətlə qınayırıq”,- deyə mesajda qeyd edilir.
“Yalanların təcavüzkar şəbəkəsi həqiqətin eşidilməsinə mane ola bilməz. Hadisə təkcə fikir və ifadə azadlığına qarşı çirkin müdaxilə cəhdi deyil, həm də bu qrupların aqressiyadan başqa fikirlərini ifadə etmək imkanlarının olmadığını göstərir. Biz bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü hər cür təxribatlara qarşı müdafiə edəcək, Qafqazda sülh və sabitliyə sadiq qalacağıq”, – deyə bildirilir. (Bizimyol)