Tədbirdə Rövnəq Abdullayev fitə basılıb – VİDEO
Peşəkar Futbol Liqasının Premyer Liqa təmsilçilərinin mükafatlandırılması üçün təşkil etdiyi mərasimə dəvət alanlar arasında Rövnəq Abdullayev də var idi.
AFFA prezidenti mayın 28-də “Azərsun Arena”da hazırlanan tədbirə gülə-gülə gəlmişdi. Ancaq stadionu eyni əhvalda tərk etdiyinə, açığı, inanmaq çətindir.
Tədbirin diktoru Sənan Şəfizadə mükafatları təqdim etmək üçün xüsusi qonaqları – AFFA-nın rəhbəri ilə qurumun baş katibi Sərxan Hacıyevi səhnəyə dəvət edəndə, tribunalardan bir uğultu və fit səsləri qopdu ki, gəl görəsən.
AFFA rəhbərliyinin fəaliyyəti ölkə futbolsevərlərini razı salmadığından, bu, assosiasiyanın rəhbərliyinə etiraz etmək üçün əla imkan idi.
Azarkeşlər fürsətdən artıqlaması ilə istifadə etməyi bacardı. SOCAR-ın keçmiş rəhbəri karyerası ərzində özünə qarşı heç vaxt bu cür münasibət görməmişdi.
Sən demə “Azərsun Arena”dakı həmin görüntülər “Sportinfo”nun kamerasından yan qaçmayıb.