Rusiya nüvə enerjisi ilə işləyən qitələrarası qanadlı raket “Burevestnik”i sınaqdan keçirməyə hazırlaşır və ya onu artıq keçirib.
Bu barədə “The New York Times” “Planet Labs”ın peyk görüntülərinə istinadən yazıb.
Bildirilib ki, sentyabrın 20-də səhər saatlarında çəkilmiş fotoda jurnalistlər Novaya Zemlya arxipelaqındakı buraxılış yerində avadanlıq, o cümlədən qoşqulu yük maşını görüblər, bu da NYT-ın məlumatına görə, raketin ölçüsünə uyğundur.
Sentyabrın 28-də peykdən çəkilmiş görüntülər sahənin ətrafında yenidən aktivlik olduğunu, yaxınlıqda yük maşınının dayandığını və sığınacağın kənara çəkildiyini göstərib.
Həmçinin qeyd edilir ki, avqustun 31-də Rusiya hakimiyyəti pilotlara Barents dənizinin bir hissəsində və Pankovonun buraxılış yerindən bir neçə kilometr aralıda “müvəqqəti təhlükə zonasından” qaçmağı tövsiyə edən bildiriş verib. Eyni bildiriş, NYT yazır, 2019-cu ildə Burevestnik testindən əvvəl verilmişdir.
Nəşr yazır ki, layihənin məxfiliyi və buraxılış sahəsinin uzaqlığı səbəbindən sınaqların qarşıda olub-olmadığını və ya onların artıq həyata keçirilib-keçirilmədiyini dəqiq müəyyən etmək mümkün deyil. Bildirilir ki, Rusiya raketin ayrı-ayrı komponentlərini sınaqdan keçirə bilər. (Yeniavaz)