• 24 Noyabr 2024 02:05

Səfirliyimizə hücum edən şəxs asılacaq. Bəs səfirlik açılacaq?

Səfirliyimizə hücum edən şəxs asılacaq. Bəs səfirlik açılacaq?

“İranda uzun illərdir ki, edam hökmü qüvvədədir. Silahlı hücum, narkotik maddələrin qanunsuz satışı, zina və tip cinayətlər İranın Cinayət Məcəlləsinə uyğun olaraq, edamla cəzalandırlır. Ona görə də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən Yasin Hüseynzadə barəsində edam cəzasının tətbiqi qərara alınıb”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq, iranşünas Sədrəddin Soltan deyib.

O, cari ilin 27 yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı çıxarılan edam hökmünün pərdəarxası motivlərini müzakirə edib.

Xatırladaq ki, terrorçunun edam ediləcəyi ilə bağlı məlumatı AzTV yayıb.

S. Soltanın fikrincə isə burada məsələlər fərqlidir:

“Məsələ burasındadır ki, Tehran hakimiyyəti bu terror hücumunu adi məişət hadisəsi kimi qiymətləndirir. Eləcə də həmin hadisə ilə bağlı Azərbaycan ictimaiyyətində bir neçə sual hələ də cavabsız qalmaqdadır. Çünki baş vermiş cinayət daha çox təşkil edilmiş hadisəyə oxşayırdı. Ona görə ki, oraya əvvəldən jurnalistlər cəlb olunmuşdu, hadisələrin hamısı bir-birinin ardınca baş verirdi. Məhz bunun üçün də sualların və şübhələrin qalması təbiidir”.

Analitik hesab edir ki, onsuz da Azərbaycan-İran münasibətləri 27 yanvar terror hücumuna qədər də gərgin idi:

“Bir qədər əvvələ getsək, ümumiyyətlə, Bakı-Tehran münasibətləri heç vaxt normal olmayıb. Azərbaycan tərəfi də heç vaxt İran hakimiyyətinə etibar etməyib. Bunun əsas səbəbi isə Azərbaycan torpaqları işğal altında olarkən Tehran hakimiyyətinin həmin hadisələrə münasibətindən doğub”.

“Odur ki, 27 yanvar terror hücumu tərəflərarası gərginliyin kulminasiya nöqtəsi oldu və İran hakimiyyəti bunu da etdi. Tehran torpaqlarımızı işğal edən ermənilərə yardım edərək, onlardan Azərbaycana qarşı öz məqsədləri üçün istifadə edirdi. Sonda da Tehran hakimiyyəti Azərbaycan səfirliyinə hücum etdi. Xatırladım ki, daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus maşından terror hadisəsi törətmək üçün vasitələr çıxarıldı, eləcə də İranın Ali Dini Lideri Seyid Əli Xamaneinin Azərbaycandakı nümayəndəsi Höccətül-islam Seyid Əliəkbər Ocaqnejadın Azərbaycanda “beşinci kolon” yaratmaq cəhdi Tehranın Azərbaycana qarşı atdığı xoşagəlməz addımlar idi ki, bunlar qonşuluğa heç sığmır”, – o, əlavə edib.

Siyasi şərhçiyə görə, bundan sonrakı perspektivdə səfirliyin açılması və münasibətlərin normallaşması məsələsi çox uzun bir prosesdir:

“İran hakimiyyətinə bütün bunların baş verməsi üçün etimad olunmalıdır. Azərbaycan tərəfi İran etibar və etimad etməlidir. Tehran hakimiyyəti Yasin Hüseynzadəni edam etməklə bu mühiti yaratmağa səy göstərir, lakin zəmində hər şey fərqlidir. Ataların bir sözü var: “Dəyirman bildiyini edər, çaq-çaq baş ağrıdar”. Ona görə də İran tərəfi bu məsələlərdə guya diplomatik jestlər etdiyini göstərməyə çalışsa da, bunların heç biri onların Azərbaycana qarşı münasibətinin köklü şəkildə dəyişməsi demək deyil. Bundan sonra səfirlik də açıla bilər, yaxud səfirlikdən bir qədər aşağı səviyyədə diplomatik münasibətlər də qurula bilər. Lakin münasibətlərin yaxşılaşması və normallaşması ifadələri hələlik Azərbaycan-İran əlaqələrinə heç uyuşmur”.

Təhlilçi aydınlaşdırıb ki, terrorçu Y.Hüseynzadənin edam edilməsi Azərbaycan-İran münasibətlərinin normallaşmasına, yaxud da ki, yüksək səviyyəyə qalxacağına əsas vermir:

“Çünki cinayətin istintaqı aparıldığı dövrdə Azərbaycan tərəfinin tələblərinin heç biri həyata keçirilməyib. Hadisə terror hadisəsi olsa da, İran bunu terror adlandırmayıb, cinayət işinin araşdırılmasında Azərbaycan hüquq-mühafizə orqanlarının təmsilçiləri iştirak etməyib, azərbaycanlı mütəxəssislər Tehrana dəvət edilməyib. Ona görə də bu cinayət işi Tehran hakimiyyətinin özünün doğub, göbəyini özünün kəsməsi anlamına gəlir. Axı kim qarant verə bilər ki, barəsində edam hökmü çıxarılan şəxs özü ilə hansı sirləri aparmayacaq? Yaxud kim qarant verə bilər ki, İran hakimiyyəti o adamı edam etməklə hansı cinayətin üstünü ört-basdır etməməyə çalışır? Bu suallar cavabsız qaldığına görə tərəflərin bir-birinə olan münasibətinin birmənalı şəkildə etibarlı olması ehtimalı şübhəlidir”.

Tacxeber.com

Oxşar xəbərlər