• 21 Sentyabr 2024 14:55

İrəvandan şok qərar – “Bunun “ləzzət”ini hiss edəcək”

“Qərbdə qaldırılan bütün hay-küy Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçündür”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistanın Qərb və Rusiya arasında oynadığı oyunun özünə zərər verəcəyini söyləyib:

“Bu gün maraqlı gündür. Ermənistan Roma Statutunu ratifikasiya edib. Rusiya qəzəblənib, hətta Kolokoltsevin (Rusiya daxili işlər naziri) İrəvana səfəri də bunun qarşısını almadı. Mesajın şəxsən Putinə ünvanlandığı bəllidir. Ermənistanda anti-Rusiya ritorikası güclənir, Paşinyan açıq şəkildə Qərbə üz tutur.

Bu gün Konqresdəki erməni kokusu İrəvanın Roma Statutuna qoşulmaq qərarını mahiyyətcə dəstəkləyərək anti-Azərbaycan sanksiyalarının qəbuluna səs verir. Ermənilər Beynəlxalq Cinayətlər Məhkəməsindən, ermənipərəst konqresmenlər isə Ağ Evdən eyni şeyi istəyirlər: “Bakı cəzalandırılsın”.

Bir mesaj da Şarl Mişeldən gəlir. O, bu gün bunları deyib: “Vəziyyət məlumdur, heç kim görməyə bilməz: Rusiya erməni əhalisinə (Qarabağdakı) xəyanət edib. Görürük ki, bu hərbi əməliyyat (Azərbaycan ordusunun antiterror tədbirləri – red.), orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, sahədə olan Rusiyadan zərrə qədər reaksiya olmadan baş verib”.

Onun sözlərindən belə çıxır ki, Rusiya sülhməramlılarının əvəzinə Avropa ölkələrinin nümayəndələrindən ibarət beynəlxalq qüvvələr olsaydı, antiterror tədbirlərinə qarşı çıxacaq, Azərbaycan Silahlı Qüvvələri ilə silahlı qarşıdurmaya girərək, faktiki olaraq separatçı rejimi müdafiə edəcəkdilər.

Bütün hay-küy Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq üçündür, qalan hər şey bəhanədir. Vəziyyət dəyişmir. 80-ci illərin sonlarında Qarabağ ermənilərinin əli ilə SSRİ-ni dağıtmaq istəyirdilərsə, indi həmin kartla Rusiyanı Ermənistandan sıxışdırıb çıxarırlar. Fərq ondadır ki, indi bu insanların hamısı Ermənistandadır. İndi İrəvan bu oyunun “bütün ləzzətini” hiss edəcək”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər