• 24 Noyabr 2024 04:04

Kriminal “Ofis” və seyfdəki brilyantlar – Gülnarə Kərimovaya qarşı yeni ittiham.

İsveçrə prokurorluğu Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimovanı “Ofis” adı ilə tanınan beynəlxalq cinayətkar sindikata rəhbərlikdə ittiham edib.

Prokurorların sözlərinə görə, 51 yaşlı Kərimova korrupsiya, dələduzluq və mütəşəkkil cinayətkarlıq haqda böyük bir işin əsas fiqurudur.

 Kərimovanın Özbəkistanda yüzmilyonlarla dollar oğurlamaqda və dünya miqyasında şirkət rəhbərlərini və dövlət məmurlarını pulla sistematik ələ almaqda ittiham edirlər. Onu həm də İsveçrədə yerləşən bir sıra şirkətlər və bank hesabları vasitəsilə çirkli pulların yuyulmasında günahlandırırlar.

İstintaq nəticəsində onun aktivlərindən 340 milyon İsveçrə frankı (370 milyon dollar) müsadirə olunub. Həmin məbləğ Özbəkistana qaytarılacaq. Daha 440 milyon frank isə araşdırma bitənə qədər həbs altında qalacaq.

Kərimovanın isveçrəli vəkili deyir ki, müştərisi “bütün ittihamları rədd edir və bəraət almaq uğrunda mübarizə aparacaq”.

 

Gülnarə Kərimova Özbəkistanın 2016-cı vəfat edən prezidenti İslam Kərimovun qızıdır.

Uzun illər ərzində o, ictimai fəaliyyəti, kübar tədbirlərdə iştirakı, dünya məşhurları ilə dostluğu və dəbdəbəli həyat tərzi ilə tanınırdı.

O, BMT-nin Cenevrə ofisində Özbəkistanı təmsil edərək bütün dünyanı gəzirdi. Həmin vəzifə sayəsində onun məhkəmə təqibindən immuniteti vardı.

Atasının ölümündən sonra publik müstəvidən yox oldu və hazırda Özbəkistan həbsxanasında dələduzluq və pulların yuyulmasına görə 13 illik həbs cəzası çəkir.

İndiki ittihamların məzmunu nədir

Ötən həftənin cümə axşamı İsveçrənin Baş prokurorluğu Kərimovaya və özbək telekommunikasiya şirkətinin adı çəkilməyən rəhbərinə qarşı ittihamların federal cinayət məhkəməsinə göndərildiyini xəbər verdi.

 Prokurorlar iddia edirlər ki, Kərimova “Ofis” kimi tanınan cinayətkar təşkilatın yaradıcısı və rəhbəri olub. Buraya onlarla adam və yüzdən çox şirkət daxil idi.

Təşkilat İsveçrədə 2005-ci ildə “cinayətkar fəaliyyət nəticəsində əldə olunan vəsaiti yerli banklardakı hesablarda və seyflərdə, eləcə də daşınmaz əmlak almaqla gizlətmək üçün” fəaliyyətə başlayıb.

Prokurorların fikrincə, “Ofis”in ilkin kapitalı Özbəkistanın sürətlə inkişaf edən telekommunikasiya sektoruna daxil olmaq istəyən xarici şirkətlərin Gülnarəyə verdiyi rüşvət hesabına qazanılıb. O, ölkədəki nüfuzu hesabına həmin şirkətlərə işgüzar şərait yaratmağı vəd edib.

“Korrupsiya yolu ilə qazanılan vəsait… mürəkkəb əməliyyatlarla bir neçə ölkələr və müxtəlif şirkətlər vasitəsilə müxtəlif bank hesablarına köçürülür, axırda da İsveçrədə konkret bank hesablarına otururdu”, – ittiham aktında deyilir.

Sənəddə göstərilir ki, həmin hesablar “Ofis”ə daxil olan şirkətlər adından açılırdı. Ehtimali benefisiarlar yalançı fiqurlar idi, əsl alıcı Kərimova olub.

İttiham elan ediləndən az sonra İsveçrənin federal prokuroru deyib ki, “Ofis” “cinayətkar faliyyətini zəruri qaydalara riayət edərək və vəzifələri bölərək, eləcə də zora və təhdidə əl atmaqla peşəkar biznes kimi sürdürüb”.

 

Seyfdəki brilyantlar

Britaniyanın “Financial Times” nəşri xəbər verir ki, “Ofis”in əsas mərkəzi, çox güman, İsveçrənin “Zeromax” şirkəti olub. Firma 2010-cu ildə iflas edib və qəzet yazır ki, bu, İsveçrə tarixdə ən böyük ikinci bankrot olub.

Amma “Zeromax” yalnız 10 il sonra diqqəti cəlb edib: kreditorlar şirkətin qeyri-adi xərclərinə baxmayaraq onun maliyyə hesabatlarını illərlə bəyənən auditoru məhkəməyə verdilər. Milyonlarla dollar zinət əşyalarına, bahalı tibbi prosedurlara, Özbəkistanda faydalı qazıntılar və tikintilərlə məşğul olan holdinqin rəsmi fəaliyyətinə heç bir aidiyyatı olmayan daşınmaz əmlakın alınmasına xərclənmişdi.

Cinayət təqibi İsveçrənin “Lombard Odier” bankını da əhatə edib: onu pulların yuyulmasında və “maliyyə əməliyyatları zamanı yetərincə ehtiyat gözləməməkdə” ittiham edirlər.

Kərimova “Lombard Odier” seyflərindən milyonlarla frank məbləğində brilyantlar və digər daş-qaşlar saxlamaq üçün istifadə edib. Kərimovanın dondurulan 400 milyon İsveçrə frankından çox pulu bu bankdakı hesablarındadır.

Gözdən düşmüş qız

Prokurorluğun fikrincə, Kərimova “Ofis”in rəhbəri olub, amma Rusiya telekommunikasiya şirkətinin özbək filialının rəhbəri olan bir nəfər də ittiham olunur. İstintaqın adını çəkmədiyi bu şəxsi cinayətkar qurumun “həlledici fiqur”u adlandırırlar.

İsveçrənin Baş prokurorluğu pulların yuyulması şübhəsi ilə Kərimovanın şəxsi köməkçisinə qarşı hələ 2012-ci ildə istintaqa başlayıb.

 

Kərimovanın özü əvvəlcə diplomatik immunitetlə qorunurdu, çünki BMT-nin Cenevrə ofisində Özbəkistanın səfiri idi. İmmunitet 2013-cü ildə götürüldükdə istintaq genişləndi və Gülnarədə fokuslandı.

2019-cu ildə ABŞ-da Kərimovaya pulların yuyulması ittihamı irəli sürüldü.

2023-cü ilin avqustunda Kərimovanın Londondakı daşınmaz əmlakına həbs qoyuldu.

Gülnarənin atası İslam Kərimov 1991-ci ildən 2016-cı ilə qədər Özbəkistanda hakimiyyətdə olub. Onun səhhəti pisləşəndə ölkədə siyasi dəyişikliklər başladı və Gülnarəni ev həbsinə aldılar.

 

 

Gülnarə 2013-cü ilə qədər ölkənin siyasi həyatında iştirak edirdi və hətta atasının mümkün varisi sayılırdı.

Onu 2017-ci ildə həbs etdilər və hazırda dövlət vəsaitinin israfına görə Özbəkistanda 13 illik həbs cəzası çəkir.

Vəkillərinin iddiasına görə, Kərimova bu müddətdə işgəncələrə məruz qalıb və əsas insan hüquqlarından məhrum edilib.

BBC 2016-cı ilin noyabrında Gülnarənin oğlu İslamla söhbət edib. Bu zaman İslam anasının şərləndiyini və adıkeçən aktivlərin ona aid olmadığını söyləyib.

 

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı

 

Tacxeber.com

Oxşar xəbərlər