• 24 Noyabr 2024 12:29

Qurban Qurbanov: “Qarabağ adı bizim üçün çox önəmlidir”

“Hər iki komanda üçün çox vacib oyundur. Bəlkə də, ilk oyundakı 0:4 hesablı məğlubiyyət hamıda başqa fikir formalaşdırıb. Ancaq rəqibin oyunlarını yaxından analiz etdik. Özünəməxsus oyun üslubu var. Topa yaxşı yiyələnirlər. Bu komandaya qarşı diqqət olunmalıdır. Futbolçularım ən yaxşısımı etməyə çalışacaq meydanda”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin “Hekken”lə matçından əvvəl keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Minlərlə insan Qarabağdan köçürlər. Bu, kluba necə təsir etdi?

– Ətraflı məlumat verməyə ehtiyac yoxdur. Hamının bu olaydan xəbəri var, olub. Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Digər ölkənin nümayəndələri orada yerləşmişdi. Amma bu gün onlar öz doğma ölkələrinə gedirlər. Bizim öz azərbaycanlılarımız isə 30 ildən sonra doğma torpaqlarına qayıdırlar. Bizimkilər çox gözəl şəkildə digər ölkənin nümayəndələrini yola salırlar. Hamı görür ki, nə köməklik lazımdırsa, edirlər. Onlar üçün çox rahat şərait yaradılıb və onlar öz ölkələrinə gedirlər. Bizim öz torpaqlarımızın geri qayıtmasına gəlincə, hamı bilir ki, biz Azərbaycanı təmsil edirik. Özümüzü oyunlarda rahat və yaxşı hiss edirik. Gözümüz, fikrimiz orada deyil. Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycandır.

– Avrokuboklarda məqsədiniz nədir?

– Böyük təcrübəyə malikik. Neçə illərdir ki, Avropa Liqanın qrup mərhələsində oynayırıq. Məqsədimiz daha yaxşı olmaq, daha çox inkişaf etməkdir. Klub olaraq bunu çox istəyirik. Sadəcə, bəzən hər şeyə real baxmalıyıq. Bəzən olub ki, şanslarımız böyük olsa da, bundan istifadə edə bilməmişik. Şanslarımız az olan vaxtı isə bundan yararlanmışıq. Məqsədimiz minimum stabilliyi qoruyub-saxlamaq və gələcəkdə şərtlərə görə daha yaxşı, daha uğurlu nəticə əldə etməkdir.

– Necə oldu ki, uğurlu nəticələr əldə etdiz? Bunun arxasında dayanan nədir?

– Böyük ehtimal ki, işgüzarlıq və rəhbərliyin də, bu klubu qoruyub-saxlaması. Qarabağ adı bizim üçün çox önəmlidir. Əlimizdə olan şərtlərlə qorumağa çalışdıq. Məncə, iş saatımız çox oldu və klub olaraq çox əziyyət çəkirdi. Şükür Allaha, bu gün əziyyətimizin bəhrəsini görürük. Klub olaraq, öz işimizi, peşəmizi çox sevirik. Bu işə çox hörmətlə yanaşırıq. Uğurun açarı da bundandır. Amma bu o demək deyil ki, biz böyük uğur əldə etmişik. İşimizdən həm razıyıq, həm də narazı. Çünki razıyıq ki, minimum stabilliyi qoruyub-saxlaya bilmişik. Narazıyıq ona görə ki, irəli getmək üçün şanslarımız olub, amma bəzən bizdən asılı olmayan reallıqlar baş verib. Hansı ki, bunu bacarmamışıq. Bəlkə də, daha yaxşı nəticə əldə etmək olardı. (Sportal.az)

Tacxeber.com

Oxşar xəbərlər