• 24 Sentyabr 2024 10:23

Məktəb-liseydə “təmir pulu”, “iş dəftəri pulu”, Müəllimlər Günü üçün pul yığıldığı bildirilir.

Valideyn: “Deyirik Müəllimlər Günü üçün 20 manata imkanımız çatır, amma onlar deyirlər ki, yox, 50 manatdan yığılacaq”

Oktyabrın 5-də keçiriləcək Müəllimlər Günü üçün 220 nömrəli məktəb-liseydə valideynlərdən pul yığılır. Bu barədə adının gizli saxlanılmasını istəyən valideynlər Abzas Media-ya məlumat veriblər.

Valideynlər deyiblər ki, təkcə Müəllimlər Günü üçün yox, elə dərs açılandan bir gün sonra müxtəlif səbəblərlə onlardan pul istənilir.

Valideynlərdən birinin sözlərinə görə, danışıqlar əsasən “WhatsApp” platformasında valideynlər üçün nəzərdə tutulan qrupda aparılır.

“Sentyabrın 16-da bizə dedilər ki, məktəb təmir olunub, buna görə də 50 manat göndərin. Sinfi bəzəmişdilər, bu 50 manatın içində o da var idi. İş dəftərləri üçün də ayrıca 10-12 manat yığdılar.

Pul yığmaqda fəallıq edən valideynlər də var. Biz deyirik ki, Müəllimlər Günü üçün 20 manata imkanımız çatır, amma onlar deyirlər ki, yox, 50 manatdan yığılacaq. Əlavə fənn müəllimləri üçün də pul yığırlar. Burada isə deyirlər, məcbur deyil, ancaq elə şərait yaradırlar ki, məcbur oluruq uşağımıza görə verək.

Pulu valideyn komitələri yığır, müəllimlər

evlərində verirlər”, – deyə o bildirib.

Valideyn deyir ki, məktəb evlərindən uzaq olduğu üçün onsuz da nəqliyyat xərcləri var, üstünə də məktəbin qanunsuz ödənişləri gəlir. Onlar da sinifdə uşaqlarına qarşı ayrı-seçkilik görməmək üçün bu ödənişləri verməyə məcbur qalırlar.

220 nömrəli məktəbdən Abzas Media-ya bildirilib ki, belə bir halla bağlı məlumatları yoxdur:

“Əgər belə hal varsa, hüquq-mühafizə orqanlarına müraciət edilsin. Biz də aşkarlasaq, edəcəyik. Əlavə suallarınız varsa, Elm və Təhsil Nazirliyinə müraciət edin”.

Ancaq bu sözləri deyən məktəbin əməkdaşı kimliyini açıqlamaqdan imtina edib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan halla bağlı araşdırma aparılır:

“Qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Anonim məlumatlar əsassız olaraq məktəb və müəllim nüfuzuna xələl gətirməklə bərabər, onların araşdırılması, iddianın nə dərəcədə həqiqətə uyğun olmasını müəyyən etmək də səmərəli nəticə vermir. Qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorlarına tövsiyə olunub ki, pedaqoji kollektiv və valideynlərlə müvafiq istiqamətdə görüşlər keçirilsin və maarifləndirici söhbətlər aparılsın. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu diqqətə çatdırılıb”. (Abzas)

Tacxeber.com

 

Oxşar xəbərlər