“Əgər uşağın qarnı böyük və bərkdirsə mütləq USM (ultrasəs müayinəsi) olunmalıdır. İlk növbədə qarın boşluğunda ola biləcək bir törəmə, qaraciyər, dalaq böyüməsi üçün baxılmalıdır”.
Tacxeber.com xəbər verir ki, bu sözləri pediatr Aytən Ələkbərzadə deyib. O bildirib ki, əgər USM nəticə normaldırsa və qarın əllə yoxlandıqda gərgindirsə, bu, bağırsaqlarda çoxlu qazların olmasından irəli gəlir:
“Əgər qarın yumşaq, köpsüzdürsə, amma irəli gəlmiş kimi görünürsə, bu, keçirilmiş raxit xəstəliyi nəticəsində əzələ zəifliyinə bağlı ola bilər. Buna “qurbağa qarnı” da deyilir. Bu zaman sinədə batıqlıq, qabırğa kənarlarının qalınlaşmasını da görə bilərik. Bel lordozu normadan çox olan uşaqlarda da qarın qabağa çıxmış olur. Köp zamanı qarnın qabağa gəlməsi narahat bağırsaqların özünə yer eləməsi ilə əlaqəlidir. Bağırsaqlar isə içərisindəki iltihabdan dolayı narahat olur. Bu iltihabı biz görməsək də, o baş verir. Daha çox qıcıqlandırıcı qidalar, inək südü, bol qlütenli məhsullar, qazyaradan qidalar, qida intoleransı səbəbilə olur. Ferment çatışmazlığı da bu hala gətirir”.
Mütəxəssisin sözlərinə görə, bu, xəstəlik olmasa da, narahat bağırsaqlar qarnı qabağa apardığı kimi dayaq – hərəkət sisteminə təsir edir:
“Bu, skolioza gətirib çıxarır, qarın tənəffüsü zəifləyir, diafraqma sıxılır, oksigen az istifadə edilir, baş ağrıları yaranır. Bədən daim gərgin qalır, uşaq aqressiv və tez yorulan olur. Bunun üçün qida korreksiyası və müalicə vacibdir. Bəzi qidaları isə tamamilə çıxarmaq olar. Çunki qida allergiyası da bu hala gətirə bilir. Qida intoleransı olduqda isə ərzağın miqdarı azaldılır. Əsasən də meyvə – tərəvəzin miqdarına diqqət etmək lazım gəlir. Probiotiklərdən uzun müddət və nəzarətsiz istifadə də SİBO-ya (İncə bağırsaqlarda həddindən artıq bakteriya artımı -red.) səbəb olur ki, bu zaman da şişkin qarın görülür. SİBO faydalı mikrobların çox inkişaf etməsi aylarla prebiotik istifadəsi zamanı da baş verə bilər. Məsələn, qəbizlik üçün uzun müddət laktuloza tərkibli siropları verilməsi ( Düfalak və s.) çünki laktuloza prebiotik olaraq faydalı mikrobların qidasıdır. Onları çox bəsləmək həddən artıq inkişafına və SİBO-ya gətirir. Əgər bağırsaq divarındakı iltihaba dəyməsək, onda gələcəkdə autoimmun xəstəliklər inkişaf edə bilər.