• 23 Noyabr 2024 11:28

“Moskva Paşinyana deyə bilər ki, xoşluqla reallaşdır, əks halda Azərbaycanla Türkiyə zorla edəcək”

“Rusiya Qarabağdan çıxmasını Ermənistanla o səbəbdən müzakirə etmək istəyə bilər ki, hərbçilərini Laçın yolu ilə ora aparsın”.

Bu barədə politoloq Şahin Cəfərlinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı KİV-də yayılan məlumatlara dair şərhində bildirilir.

 TASS-ın yaydığı məlumata əsasən, səfrin məqsədi Ermənistan rəsmiləri ilə sülhməramlı kontingentin Qarabağdan çıxarılma vaxtını müzakirə etməkdir. Lakin artıq Ermənistan Müdafiə Nazirliyi belə bir səfərin və hər hansı görüşün planlaşdırılmadığını açıqlayıb.

Ş. Cəfərli bildirir ki, sülhməramlıların Ermənistan vasitəsilə Rusiyaya qayıtması məntiqli görünmür:

“Çünki bunu Azərbaycan ərazisi ilə daha asan həyata keçirmək olar. Məsələn, Xocalıdakı hava limanı normal vəziyyətdədirsə oraya, uyğun durumda deyilsə, Füzuli hava limanına hərbi nəqliyyat təyyarələri göndərməklə; yaxud Azərbaycanın avtomobil və dəmir yolları şəbəkəsi vasitəsilə çıxış əməliyyatını gerçəkləşdirmək mümkündür. Bakı buna şərait yaradar.

Lakin Rusiyanın Cənubi Qafqazı tərk etmək istəmədiyi də aydındır.

Moskvanın əsl niyyəti bu ola bilər ki, Ermənistanda hərbi mövcudiyyətini gücləndirsin və Qarabağdan çıxacağı halda, Ermənistan-Azərbaycan sərhəd xəttinə, yaxud Sünik vilayətinə (Zəngəzura) yerləşsin. Bilirsiniz ki, 10 noyabr Bəyanatında Zəngəzurdan keçəcək nəqliyyat kommunikasiyasına Rusiyanın nəzarət etməsi əksini tapıb. İndi Moskva Paşinyana deyə bilər ki, bu müddəanı xoşluqla reallaşdırmaq məsləhətdir, əks halda Azərbaycan və Türkiyə bunu zorla edəcək.

Paşinyan buna razı olarmı? Çətin görünür. Üstəlik, son hadisələrdən sonra 10 noyabr Bəyanatı, faktiki, deaktiv oldu və ümumən Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatı problemlərin həllində mühüm platforma kimi sıradan çıxmasa belə, əvvəlki çəkisini itirdi”.

Politoloq qeyd edib ki, bütün bu detallar çox önəmli olsa da, yayılan xəbərdə əsas məqam Rusiya hərbi kontingentinin Qarabağı – Azərbaycanı tərk etməsi ilə bağlı hissədir:

“Ermənistan MN Rusiya nümayəndə heyətinin səfəri barədə məlumatı təkzib etsə də, bəllidir ki, TASS adətən Rusiya rəsmi mənbələrinə istinadən xəbər yayır, yəni informasiyanın siyasi hissəsi böyük ehtimalla doğrudur”. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər