“O, özünü əsl kapitan kimi apardı” – Rəşad Sadıqov
“Zirə” Azərbaycan Premyer Liqasının 9-cu turunda doğma meydanda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.
Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə də təşəkkür və təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”la oyuna hazırlaşmaq, onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlı məşqçidir. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə matçlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər olsun ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışı davam etmək istəyirik.
– Birinci dövrəni çempion kimi tamamlayacaqsız. Üstünlükləriniz və çatışmazlıqlarınız nə oldu?
– Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, komandanın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalı, fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda stabil çıxış etməyiblər. Onlardakı gərginlik normaldır. Özümüz də bilirik ki, hansı futbolçulara güvənirik. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınlar. Birinci yerdə olanda bu əlavə təzyiq yaradır komandaya. 4-5-ci yerdə olanda meydana çıxmaqla eyni şey deyil. Bəzən həyəcanlı olurlar. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.
– Rüstəm Əhmədzadə haqda fikriniz necədir?
– Bugünkü oyuna görə qiymət veririksə, Rüstəm ən yaxşı futbolçumuzdur. Toplu və topsuz çox yaxşı idi. Ondan çox razı qaldım. Belə davam edərsə, potensialını tam açacaq.
– Vladislav Kulaçda problem xroniki zədədir?
– Kulaç 3-4 oyundur ki, iştirak etmir. Son matçda məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip Paxtman yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın. (Sportinfo)