Türkiyə Suriyanın şimalında PKK və onun yerli qanadı olan SND-in orada yerləşən qüvvələrinə qarşı yönəlmiş hava əməliyyatlarının əhatə dairəsini genişləndirə bilər.
Bu barədə “Hürriyet” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Suriyada hava əməliyyatları pilotsuz uçuş aparatları vasitəsi ilə həyata keçiriləcək. Türkiyə Hərbi Hava Qüvvələri lazım gələrsə, döyüş təyyarələrindən istifadə etməklə Şimali İraqda da oxşar şəkildə fəaliyyət göstərəcək. Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın oktyabrın 1-də Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahında törədilən terror aktından sonra Suriya və İraqdakı bütün PKK infrastruktur və obyektlərinin artıq qanuni hədəf olduğunu bildirib
“Hürriyet” xəbər verir ki, Ankara müxtəlif ssenarilər əsasında ətraf ərazilərdə əməliyyatların keçirilməsi planlarının hazırlanmasını başa çatdırıb. Prioritetlərdən biri Suriya və İraqla sərhədləri terrorçulardan tam təmizləməkdir. Qəzet qeyd edir ki, artıq ilkin hədəf olaraq Şimali İraqda Zap və Suriyanın şimalındakı Tel-Rifat bölgəsində əməliyyat hazırlanır.
Qeyd edək ki, oktyabrın 1-dən Türkiyə ordusu Suriya və İraqda PKK-nın 58 hədəfini və 37 terrorçunu məhv edib. (Konkret)