• 25 Noyabr 2024 11:28

Ermənilər təşvişdə: Bakı Sərkisyan və Köçəryanı belə tutacaq  .

Qarabağda separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri də Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır.

Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, rəsmi Bakının “qara siyahı”sında Ermənistanın keçmiş prezidentləri, I Qarabağ müharibəsində Xocalı soyqırımı və digər qətliamlarda iştirak etmiş Robert Köçəryan və Serj Sərkisyan da daxil olmaqla, 200 nəfərin adının olduğu haqda məlumatlar var.

Bu cinayətkarların bir qismi artıq qandallanıb. Bəs digərlərinin cəzalandırılması baş tutacaqmı?

Aydındır ki, Ermənistan bu şəxsləri Azərbaycana verməkdən imtina edəcək. Lakin erməniləri qorxudan Bakının cinayətkarları həbs etmək üçün başqa yollardan istifadə edəcəyidir.

Erməni hüquqşünas Siranuş Saakyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan “qara siyahı”da olan şəxsləri üçüncü ölkələrdə həbs edə bilər. O, işğal dövründə Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin Belarusda qandallanaraq Bakıya gətirilməsini buna nümunə kimi göstərib.

Azərbaycan cəmiyyəti üçün əsas məsələlərdən biri Robert Köçəryan və Serj Sərkisyanın cəzalandırılmasıdır. Bu şəxslər azərbaycanlılara qarşı qətliamların birbaşa təşkilatçılarındandır. Sərkisyan Xocalıda soyqırımı törətdiklərini özü də etiraf edib. Şübhəsiz ki, bu şəxslərin cəzalandırılması Azərbaycan dövlətinin hədəflərindən biridir və bir gün Köçəryan və Sərkisyanın üçüncü ölkələrin birində qandallanaraq, Bakıya gətirilməsi istisna edilməməlidir.

Tacxeber.com

Oxşar xəbərlər