• 25 Noyabr 2024 08:42

“Hazırda oğlum, qardaşımın oğlu İsrail ordusunda xidmət edir”

 

“20 dəfə pilləkənlərə tərəf qaçmışıq, 3-4 dəqiqə “Dəmir günbəz”in “Həmas” raketlərini vurmasını gözləmişik”

“Biz axıra qədər qalmaq istəyirik. Hazırda həm mənim oğlum, həm də qardaşımın oğlu İsrail ordusunda xidmət edir”.

Bu sözləri hazırda İsrailin paytaxtı Tel-Əviv şəhərində yaşayan Lev Eppelbaum deyir. Tel-Əviv Universitetinin professoru olan L.Eppelbaum azərbaycanlı hüquq müdafiəçisi Novella Cəfəroğlunun oğludur.

Onun sözlərinə görə, hazırda ölkədə hərbi əməliyyatlar davam edir:

“2 gün əvvəl 20 dəfədən çox həyəcan siqnalı verilib. 20 dəfə pilləkənlərə tərəf qaçmışıq. 3-4 dəqiqə “Dəmir günbəz”in “Həmas” raketlərini vurmasını gözləmişik. Bu, ilk gün olmuşdu. Hazırda hücumlar dayanıb. Mən evdən işləyirəm. Çünki hələlik iş yerlərinə getməmək icazəsi var. Bizim dərslər oktyabrın 15-də başlamalı idi, amma 1 həftə təxirə salınaraq 22 oktyabra keçirildi”.

Lev Eppelbaum deyir ki, “Həmas”ın hücumu nəticəsində 750 nəfər həlak olub, 2000-dək şəxs yaralanıb.

 

7 oktyabrda İsrailin Baş naziri Benjamin Netanyahu ölkədə hərbi vəziyyət elan edib. L. Addel bildirir ki, bu halda hərbi əməliyyatlar üçün siyasilərdən icazə almaq tələb olunmur.

“Bu, o deməkdir ki, hazırda hərbi vəziyyətlə bağlı ordu, polis və xüsusi xidmət orqanlarına xüsusi səlahiyyət verilib. Onlar bu və ya digər əməliyyat keçirmək üçün siyasi hakimiyyətdən icazə almağa məcbur deyillər. Onlar hər şeyə özləri qərar verirlər və yalnız bundan sonra siyasi hakimiyyəti bu barədə xəbərdar edirlər. Bu hüquqlar onlara hərbi vəziyyətin elan olunması ilə verilir”.

Lev Eppelbaum deyir ki, şəhərdə qalmaq təhlükəli olsa da, buranı tərk etmək fikirləri yoxdur.

“Biz axıra qədər qalmaq istəyirik. Mənim hazırda oğlum, qardaşımın oğlu ordudadırlar. Kiçik qardaşım həkimdir. O, özü könüllü şəkildə hərbi əməliyyatların keçirildiyi yerə getmək, yaralılara kömək etmək, onların hospitallara çatdırılmasında iştirak etmək üçün orduya yollanıb”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, onun 3 oğlu ailəsilə birlikdə İsraildə yaşayır. Qəzza zolağındakı “Həmas” silahlı qruplaşmasının İsrailə hücumundan sonra onun ailə üzvləri də müharibəyə aparılıblar. Onun sözlərinə görə, ailə üzvləri 1991-ci ildən İsrailə köçüb, orada yaşayırlar:

 

“İki oğlan nəvəmi müharibəyə aparıblar, zabitdirlər. Həkim olan oğlum da müharibədə iştirak edir, yaralıları müalicə edir. Müharibədən sonra döyüşlərdə olan nəvələrimlə yox, oğullarımla danışıram. Onlar da deyirlər ki, indiyə qədər belə bir şey olmayıb. 30 ildir ordadırlar. Hər dəfə deyirəm ki, heç olmasa qızları göndərin bura, deyirlər, bura bizim vətənimizdir, gəlmirlər.

Mən Qarabağ müharibəsində nə hisslər keçirmişəmsə, indi də o hissləri keçirirəm. Burada mənim vətənimə qəsb etmişdilər, orada da övladlarımın vətəninə qəsb edirlər. Nə cür ola bilər ana ürəyi? İndi bu dəqiqə övladlarım yaşayan şəhərləri bombalayırlar. Uşaqlar 5 dəqiqədən bir sığınacağa qaçırlar. Bunlar ola-ola ananın, nənənin ürəyi necə ola bilər?” – deyə o, bildirir.

Novella Cəfəroğlu ümid edir ki, tezliklə əməliyyatlar dayanar, bölgədə sülh olar. O hesab edir ki, Azərbaycan hökuməti sülhə nail olmaq üçün yetərincə dəstək göstərir:

“İsrail bizə necə dəstək oldu, hamı gördü. Onlar ermənilərə silah satmadılar. Azərbaycan xalqı da İsrailə dəstək göstərdi. Hökumət də sülhə çağırdı. Bizim prezidentimiz İlham Əliyev elə adamdır ki, hər iki tərəf yeganə olaraq onun sözünü eşidib sülhə gələ bilərlər” – deyə Nəfəroğlu bildirib.

 Quba rayonunun Qırmızı qəsəbəsində yəhudilər yaşayır. 52 saylı Quba seçki dairəsindən deputat seçilən Vahid Əhmədov deyir ki, qəsəbədəki yəhudilərlə təmasdadır:

“İsrail həmişə bizim yanımızda olub, biz də onların yanında olmalıyıq. Azərbaycandakı yahudilər də bu fikirdədilər. Azərbaycan insanları İsrailə dəstək göstərdi, yəqin ki, hökumət mövqeyini bildirəcək. Hökumətin hansı dəstək verməsilə bağlı elə məsələlər var ki, onlar məxfidir, açıqlanmır” – deyə millət vəkili bildirib.

“Həmas” silahlıları oktyabrın 7-dən İsrailə həm yerdən, həm də havadan hücuma keçib. Hücumlardan sonra İsrail ordusu cavab tədbirlərinin görüləcəyini bildirib. Son məlumata görə, hücumlardan sonra hər iki tərəfdən ölənlərin sayının 1100-dən çoxdur. BMT-nin bazar günü yaydığı məlumata görə, İsrailin başlatdığı cavab hücumlarından sonra 120 mindən çox fələstinli Qəzza ərazisini tərk etməyə məcbur olub.  (Abzas)

Tacxeber.com

Oxşar xəbərlər