İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Qalini saxlayıb.
Bu barədə “The Times of Israel” İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.
Onun Hərbi Dəniz Qüvvələrinin “Şayet 13” bölməsi tərəfindən saxlanıldığı qeyd edilir. Hələlik təfərrüatlar açıqlanmır.
“Şübhəli şəxs həbsdədir və hazırda Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən dindirilir”, – məlumatda deyilir.
Bundan əlavə, hərbçilər Qəzza zolağından İsrailə daxil olan fələstinli terrorçunun vurulması, həmçinin Hərbi Dəniz Qüvvələrinin raket gəmisi tərəfindən üç raket buraxılış qurğusunun məhv edilməsi barədə məlumat yayıb.
Bu arada HƏMAS radikal qruplaşması Qəzza zolağında 100-dən çox israillini girov saxladığını bildirib. Musa Əbu Marzukun sözlərinə görə, HƏMAS silahlıları yüksək rütbəli hərbçiləri əsir götürüblər.
Qəzzadan olan digər böyük Fələstin hərəkatı “İslami cihad” İsrailin 30-dan çox vətəndaşının girovluqda olduğunu bildirib. İsrail hakimiyyəti bazar günü Qəzzada ölkənin 100-dən çox vətəndaşının girovluqda olduğunu istisna etməyib. // report.az