İsrail kəşfiyyatı niyə HƏMAS hücumunun qarşısını ala bilmədi?
Qəzza sektorunu nəzarətdə saxlayan HAMAS hərəkatının yaraqlıları oktyabrın 7-də İsrailə minlərlə raket atdılar, eləcə də ölkə ərazisinə girdilər (pikaplarla, motosikllərlə və paraşütlə). İsrail hakimiyyəti ölkənin müharibədə olduğunu söylədi və Qəzzaya raket zərbələri ilə cavab verdi.
Mümkündür ki, Qəzzada yerüstü əməliyyat da keçirilsin: sektorun sərhədlərinə zirehli texnika gətirilib, sərhədyanı İsrail şəhərlərinin sakinlərini sutka ərzində təxliyə etmək niyyətindədirlər. Baş nazir Binyamin Netanyahu qələbə qazanmağı vəd edib, amma artıq başlanğıc ölkənin siyasi rəhbərliyinə və kəşfiyyata yönəlik xeyli suallar doğurub. Yerli və qərb KİV-i HAMAS-ın indiki hücumunu 50 il əvvəl baş verən “Məhşər günü” savaşı ilə müqayisə edir.
HAMAS-ın qəfil hücumu barədə İsraildə nə deyirlər
Nadav Eyal, “Yedioth Ahronoth”un siyasi şərhçisi
“Təəssüf ki, dünən özümüz haqqında çox şey öyrəndik. Aşkar etdik ki, yüzmilyardlarla şekel xərclənən kəşfiyyat korpusumuz dövlətə ən mühüm və ən həlledici xəbərdarlığı – strateji zərbə haqqında xəbərdarlığı verə bilmədi. Oktyabr sürprizindən, kəşfiyyatın biabırçı uğursuzluğundan 50 il sonra onlar yenə fiaskoya uğradılar”.
Anşel Pfeffer, “Haaretz” şərhçisi
“HAMAS-ın yüzlərlə yaraqlısının Qəzza sektorundan İsrailə soxulması barədə ilk xəbərlərdən cəmi bir neçə dəqiqə sonra “Yom-kippur” (Məşhər günü) sosial şəbəkələrdə trend oldu. Oxşarlıq aydın və heyrətamizdir. Yenə bütün İsraildə sirenlər səslənir. Yenə də həm hazırlanan hücumun əlamətlərini aşkar etməkdə, həm də toplanan məlumatların interpretasiyasında böyük fiasko. Amma hər iki oktyabr müharibəsi arasındakı çoxlu bənzərliklərə baxmayaraq, ortada bir fundamental fərq də var. Dünən başlayan müharibə ekzistensial deyil. HAMAS hərbi rəqib kimi İsraillə müqayisə oluna bilməz. Onlar hətta eyni liqada oynamırlar”.
İsraildə yaşayan “Meduza” oxucuları
“Bu dəfə təkcə raketlər gəlmədi. Ən dəhşətlisi odur ki, yaraqlılar bizim sərhədyanı şəhər və qəsəbələrimizə girdilər, hərbçiləri və mülkiləri əsir alıb öldürdülər. Bizim küçələrdə yaraqlılar avtomobillə gəzir və ətrafdakıları öldürürlər?! Bu necə baş verdi? Buna necə yol verdik?”
İsrailə hücum haqqında Qərbdə nə yazırlar
Çak Freylix, İsrailin milli təhlükəsizlik üzrə müşavirinin keçmiş müavini
Operativ kəşfiyyat baxımından iflas baş verdi. Bizi qəfil yaxaladılar. Qəzza sektoruna məsul diviziyanın qərargahı ələ keçirildi, orada xaos hökm sürürdü, buna görə də cavab gecikdi. Belə anlarda həmişə bayrağın ətrafında qısamüddətli sıxlaşma baş verir. Amma toz yatan kimi çox ciddi siyasi nəticələr olacaq.
Denis Ross, Bill Klinton administrasiyasının Yaxın Şərqdə xüsusi nümayəndəsi
“Bu, istənilən strateji gözlənilməzliyə bənzəyir: geriyə baxanda görürsən ki, əlinizdə bütün zəruri informasiya olub, amma siz qarşı tərəfin necə hərəkət etdiyi barədə bir sıra yanlış fərziyyələr irəli sürmüsünüz… Mən baş verənləri “Məhşər günü” savaşı ilə müqayisə etmirəm, çünki burada ərəb dövlətləri iştirak etmir. Amma düşünürəm ki, İsrail üçün bir növ zəlzələdir. Belə sürprizin necə baş verdiyini aydınlaşdırmaq üçün mütləq dövlət komissiyası yaradılacaq”.