“Əgər sən erməniyə bir küçə adı belə vermirsənsə, onda niyə təklif edirsən ki…”
Millət vəkili Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsini sizə təqdim edirik:
– Qarabağda küçələrdən birinə erməni hüquq müdafiəçisi Georgi Vanyanın adının verilməsini təklif etdiniz. Amma bu təşəbbüsünüz ciddi müzakirələrə səbəb oldu. Təklifi verəndə bu cür sərt reaksiyaları gözləyirdinizmi?
– Bizim verdiyimiz təkliflə bağlı sərt yox, ağılsız və mənasız reaksiyalar verildi. İstər siyasi partiya təmsilçiləri, istərsə jurnalistlər məntiqi əsaslandırılmamış fikirlər söylədilər. Biz konseptual bir neçə məqalə yazdıq və burada da erməni məsələsi ilə bağlı atacağımız addımları təklif etdik. Bu təklifdir, baxıb bunun əsasında fikir bildirə bilərsiniz, amma təkliflərin arasından birini – Vanyanın adına küçə verilməsini götürüb tək onun haqda danışmaq, savadsız formada, sifariş verilmiş üslubda qaralama kampaniyası aparmaq düzgün deyil.
Biz təklifdə dedik ki, ermənilərin yaşadığı küçəyə sülhsevər bir erməninin adını verməliyik ki, islah olsunlar. Görsünlər ki, biz sülhsevər erməni ilə terrorçu ermənini fərqləndiririk. Əgər sən erməniyə bir küçə adı belə vermirsənsə, onda niyə təklif edirsən ki, ermənilər ora qayıtsın? İnteqrasiya üçün nələrsə təklif etməliyik, bunun da bir neçəsini mən dedim. Təkliflərim qaldı arxa planda, bəsit, ağılları ancaq küçə səviyyəsində düşünməyə çatanlar, yalnız küçə məsələsindən yapışdılar. Mən fikrimdə qalıram və israrlıyam.