Lalə Mahmudova: “Problemlər açıq danışılmadıqca, qızlar zorakılığa məruz qalırlar, təhsildən yayındırılırlar”
Bu gün Beynəlxalq Qızlar günüdür
BMT-nin 2011-ci ildə qəbul etdiyi qərarla 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi qəbul olunsa da, ilk dəfə 2012-ci ildə qeyd olunub. Azərbaycanda hər il qızların məktəbdən yayındırılması, erkən nikaha məcbur edilməsi kimi hallarla rastlaşmaq olar.
Feminist fəal Lalə Mahmudova deyir ki, Azərbaycanda da bir çox patriaxal ölkələrdə olduğu kimi qızlar müəyyən yaşa çatdıqdan sonra yox, elə doğulandan həyata oğlan uşaqlarından geridə başlayırlar.
Onun sözlərinə görə, bəzən selektiv abortların nəticəsində onlar heç doğulmurlar:
“Bu da insanların gender normalarına bağlılıqları ilə əlaqədardır. Ölkədə oğlan uşaqlarının qızlara nisbətən üstünlüyə malik olmasına səbəb bir çox gender rollarıdır.
Qızlar daha çox itaətkar böyüdülür. Deyirlər, sözəbaxan, üzüyola olsunlar. Belə olmaq sosiallaşdırılır.
Qızların ev işlərində bacarıqlı olmaları onların təhsillərindən, liderlik bacarıqlarından, iş və ya biznes qurmaq maraqlarından üstün tutulur. Bu normalar sonradan digər bütün sosial institutlarda öz əksini tapır”.