İsraildə həlak olan Emin Axundovun babası Sumqayıtda tanınmış şəxs olub – FOTO
HAMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərdən biri də Sumqayıtda doğulub, yaşamış Emin Axundovdur.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, Emin Axundov Sumqayıtı qurub yaradanlardan olmuş, şəhərin fəxri vətəndaşı Kərim Axundovun nəticəsidir.
Mərhumun ailəsindən hazırda Sumqayıtda yaşayan olmasa da, Emin Axundovun qohumu (babasının bacısı oğlu) Qalib Əliyev ailə haqqında xatirələrini bölüşüb. Q. Əliyev bildirib ki, E. Axundovun babası Rəhim və nənəsi Qalina Axundovlar uzun illər Sumqayıtda meteoroloji stansiyada rəhbər vəzifələrdə çalışıblar.
Atası Oleq Axundov, anası Anna Axundova Emin və bacısı 14 yaşlarında olarkən İsrailə təhsil dalınca gediblər. Emin orada hərbi xidmət keçib və çalışmağa başlayıb.
Xatırladaq ki, 36 yaşlı Emin Axundov Beer şəhərində gedən döyüşlərdə həyatını itirib. O, Beer Şeva hərbi qəbiristanlığında dəfn olunub.
Emin Axundov evli olub, iki övladı qalıb.
Qeyd edək ki, HAMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 7-yə çatıb.