• 26 Noyabr 2024 05:50

“Aparıcı dodağını şişirtmiş, qaşını qaldırtmış qadına yalvarır ki…” – Xalq artistindən etiraz

“Efirdə kim nə istəyir, onu danışır, biri hüquq-mühafizə orqanlarının işini görür, biri kəbin məsələsini həll edir, biri ailə barışdırır, uşaq doğuzdurur. Biabırçılıqdır!” 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor özəl telekanalların fəaliyyətini tənqid atəşinə tutub:

“Dövlət strukturları nəyə lazımdır ki? O zaman gəlin, aidiyyəti dövlət qurumlarını bağlayaq, onların işini verək 3-5 televiziya aparıcısına, elə efirdən həll etsinlər.

Özəl telekanallarda yayımlanan proqramlarda heç bir mənəviyyatdan, əxlaqdan, milli-mənəvi dəyərlərdən söhbət gedə bilməz! Onlar sadəcə olaraq kanaldan yaxşı pul qazanırlar. Müğənnilərdən, məşhur olmaq istəyənlərdən pul alıb efirə buraxırlar. Bunu hər kəs bilir.

Prezident xarici düşmənlərlə savaşır, amma bütün bunlar bitəndən sonra daxildə bizə düşmən olanlara da sıra gələcək. Vicdanınız olsun, 15-20 il bir yerdə iylənə-iylənə oturmusunuz, heç olmasa, ədalətlə işinizi görün”.

Sənətçi bu cür verilişlərin bağlanmasının tərəfdarı olduğunu bildirib:

“Televiziyalar mütləq ciddi nəzarətə götürülməlidir. Müəyyən təkliflər verilməlidir, telekanallara rəhbərlik edənlər də, efirə çıxanlar da, ağzına gələn mahnını yazdırıb efirdə oxuyanlar da ciddi nəzarətdə olmalıdır. Pul verib efirə çıxırlar, nə musiqi savadları, nə istedadları var, yaxasını, əndamını açıb bəzənib-düzənib efirə çıxırlar ki, toy tutsunlar.

Ya buna ciddi nəzarət etməliyik, ya da qapıları açıb kimi gəldi efirə buraxmalıyıq, nənə-babalarımızı, kökümüzü unutmalıyıq. Axı bu adamlar kimdir? Onların nə səlahiyyəti var ki, saatlarla efirdə dikdabanlarını tıqqıldadaraq o baş, bu başa gedib-gəlirlər və ağızlarına gələni danışırlar? Efirdə bir alimə, akademikə, mədəniyyət xadiminə yarım saat vaxt ayrılmır. Onların əvəzinə baldırı, yaxası açıq oxuyanlar saatlarla efiri işğal edir. Biz belə hara gedirik? Bunun sonu uçurumdur! Məscidin qapısı açıqdır, bəs bu itin abır-həyası yoxdurmu? Evdə televiziyanı açıq ailə ilə baxmaq belə olmur. Böyrü-başı açıq qızlar daim nəyisə reklam edir, sponsorlardan danışır. Biri saç boyasını göstərir, biri büstqalteri reklam edir. Belə şey olar?!

Azərbaycanda minlərlə mövzu var, mədəniyyətimizdən, milli-mənəvi dəyərlərimizdən, folklorumuzdan, elmdən danışmaq olar. Təkcə ozan aşıq mədəniyyətimizlə bağlı 100 mövzu düşünmək olar. Efirdə tarixçiləri, alimləri niyə görmürük? Hardadırlar? Ancaq şou, haranı açırsan şou ilə rastlaşırsan, müğənnilər bu kanaldan çıxıb o birinə gedirlər, gündəmdə qalmağa çalışırlar.

O gün efirdə qarşıma bir hadisə çıxıb, sosial verilişlərin birində aparıcı dodağını şişirtmiş, qaşını qaldırtmış bir qadının dalınca düşüb yalvarır ki, ərinlə barış. Qadın da dirəşib ki, yox, barışmayacağam. Bu nə əxlaqdır, bu nə tərbiyə, mədəniyyətdir?! Bu, rüsvayçılıqdır! Millətin ağsaqqalı, ağbirçəyi televizoru açanda bunumu görməlidir? Bu cür verilişlər hamısı yayımını dayandırmalıdır, rədd olub getməlidirlər!”

Tacxeber.com

Oxşar xəbərlər