• 20 Sentyabr 2024 21:38

Paytaxt Bakıdan Xankəndiyə köçürülə bilərmi…

Paytaxt Bakıdan Xankəndiyə köçürülə bilərmi...Son zamanlar paytaxtın Bakıdan işğaldan azad olunmuş böyük şəhərlərin birinə köçürülməsi ətrafında ictimai müzakirələr aparılır. Yeni paytaxt kimi xüsusilə də antiterror tədbirlərindən sonra azad edilən, separatçılardan təmizlənən Xankəndi şəhərinin adı çəkilir. Bununla da ermənilərin ərazi iddialarına son qoyula biləcəyi düşünülür.

Bəs paytaxt Bakıdan Xankəndiyə köçürülə bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, ümumiyyətlə, ermənilərin “böyük Ermənistan” ütopyasından əl çəkəcəyini düşünməyin sadəlövhlük olduğunu deyib:

“Hesab edirəm ki, heç vaxt bu xülyalarından əl çəkməyəcəklər. Biz bu reallıqla yaşamağı bacarmalıyıq. Ermənilərin beyinləri artıq “böyük Ermənistan” virusu ilə zəhərlənib. Ermənilərin Azərbaycana qarşı əsassız olan torpaq iddialarının qarşısını birdəfəlik almaq üçün hərbi, siyasi, iqtisadi, diplomatik mənalarda güclü olmalıyıq. Bunun yolu hansısa məkanda mərkəzin qurulması,  paytaxtın yerinin dəyişdirilməsindən ibarət deyil. Bunun yolu bizim getdiyimiz yoldur.  Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışlarıdır. Biz hər zaman regionun təhlükəsizlik və sülh missiyasını öz çiyinlərimizdə daşımağı bacarmalıyıq. Bunun üçün maksimum güclü olmalıyıq. Əvvəlki səhvlərimizi buraxmamalıyıq. Dünya erməniliyinin, Ermənistanın davranışlarını çox diqqətlə izləməliyik. Burada Azərbaycana qarşı məkrli planların olduğunu əvvəldən müəyyənləşdirməli və preventiv addımlarla onun qarşısını almalıyıq. Bunun üçün də resurs lazımdır. Ayıq olmalıyıq. Biz bu keyfiyyətləri artıq özümüz də formalaşdırmışıq. Bunu daha da gücləndirməliyik”.

Deputat paytaxtın Xankəndiyə köçürülməsinin çıxış yolu olmadığını düşünür:

“Məşhur avstriyalı hərbi nəzəriyyəçilərdən Karl Fon Klauzeviç deyirdi ki, “düşmənimizi biz həmişə zəif vəziyyətdə saxlamalıyıq”. Buna görə də Ermənistanın Azərbaycana qarşı yeni hərbi cinayətlər törətmək imkanlarının olmaması üçün çalışmalıyıq. Bu, vacib məsələdir. Məhz ona görə də bütün platformalarda çox dəqiq strategiya üzrə işləməliyik. Hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı mümkün çıxışlarının önlənməsinin əsas yolu bütün mənalarda güclü olmaqdan ibarətdir. Bu baxımdan paytaxtı Xankəndiyə köçürmək çıxış yolu deyil. Xankəndi özü-özlüyündə bizim əzəli, tarixi torpağımız  kimi Azərbaycanın ən güclü nöqtələrindən biri olmalıdır. Beləliklə, gələcəkdə Azərbaycanın əraziləri ilə bağlı ermənilərin hansısa iddia irəli sürmək həvəsi olmayacaq. Onların alt şüurlarında belə fikirlər ola bilər. Amma onlar Azərbaycanın gücünü, iradəsini görüb, hər zaman şüur altındakı istəklərini büruzə verməkdən qorxmalıdır”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə deyib ki, Qarabağın dağıdılan şəhərləri yenidən və müasir standartlarla qurulduğundan Azərbaycan paytaxtının onlardan birinə köçürülməsi ətrafında ictimai müzakirələrin başlanmasını faydalı hesab etmək olar:

“Doğrudur, adətən təhlükəsizlik baxımından paytaxtın qonşu dövlətlərin sərhədlərindən bir qədər aralı olmasına üstünlük verilir. Ancaq orası da var ki, Azərbaycan işğala son qoyduqdan sonra güclü ordusu ilə Qarabağın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib və bu istiqamətdə çalışmalar gələcək illərdə də davam edəcək. Fikrimcə, paytaxt üçün Xankəndi deyil, Ağdamın seçilməsi doğru olar. Çünki Ağdam sıfırdan tikiləcək və paytaxt kimi nəzərdə tutularsa, parlament və digər inzibati binalar tikilməlidir. Bütün hallarda Bakıda əhalinin sayı artır və paytaxt funksiyasını daşıması çətinləşir. Bakının yükünü azaltmaq lazımdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər