• 26 Noyabr 2024 08:53

Pivə daşqını və pivə selində boğulan adamlar haqqında eşitmisinizmi? 

Hadisə 1814-cü il oktyabrın 17-də Londonda baş verib. Buradakı Meux pivə zavodunda hündürlüyü 6,7 metr olan iri taxta çən vardı. Oktyabrın 17-də işçilərdən biri çənin dəmir halqalarından birinin aşağı sürüşdüyünü görür. Belə hal ildə 2-3 dəfə baş verdiyindən narahatlıq doğurmur. Amma bu dəfə hər şey başqa cür olur.

Saat təxminən 17:30-da çən dağılır. Buradan axan pivə yaxınlıqdakı daha kiçik çənləri də dağıdır. Beləcə, 1,5 milyon litrə yaxın pivə zavodun divarını sökərək küçəyə axır.

Zavodun yerləşdiyi ərazi Londonun kasıblar məhəlləsi idi. Burada bəzi insanlar zirzəmidə yaşayırdılar. Evlərdən birində irland ailəsi vəfat etmiş iki yaşlı uşaq üçün anım mərasimi keçirilirdi. Seldə həmin uşağın anası da daxil olmaqla beş nəfər boğuldu. Bşaqa evdə anası ilə çay içən kiçik qız boğuldu, anasını isə sel evdən çölə çıxardı. 14 yaşlı qız pivə zavodunun divarının dağıntısı altında qaldı. Daha bir uşağın ölümünün təfərrüatı məlum deyil. Zavodun özündə üç nəfər yaralansa da ölən olmadı. Beləcə, cəmi 8 nəfər həlak oldu.

İnsanların çoxu əllərinə qab götürərək havayı pivədən toplamağa çalışırdılar. Sonrakı günlər ərzində bu ərazidə kütləvi sərxoşluq müşahidə olunur.

“Meux & Co” şirkəti hökumətdən yardım alması sayəsində bankrotluqdan qurtuldu və fəaliyyətini davam etdirdi. 1921-ci ildə şirkət başqa əraziyə köçdü və köhnə zavod söküldü. İndi həmin yerdə Dominion teatrı yerləşir.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər