Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan bu gün cinayət işi üzrə yenidən məhkəmə qarşısına çıxarılacaq.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrliyilə baxılacaq.
7Times.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaqif Xaçatryan məhkəmədən bir gün əvvəl qohumlarına zəng edib. Bu barədə onun qızı Sovinar Xaçatryan bildirib.
“Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə onunla telefon danışığı apardıq. O, narahat idi, bizdən indi harda olduğumuzu soruşdu, dedi ki, məhkəmə olmalıdır, bu qədər”, – Sovinar Xaçatryan deyib.
O bildirib ki, müxtəlif strukturlara müraciətlərini davam etdirirlər.
“Hələ ki bizə heç bir qurumdan zəng, xəbər daxil olmayıb. Müxtəlif strukturlara müraciət ünvanlamağa davam edirik. Onun məsələsi ilə bütün orqanlar məşğul olur, amma hələlik bir nəticə yoxdur”.
Vaqif Xaçatryanın işi üzrə 59 nəfər zəzərçəkən kimi tanınıb. Xaçatryan birinci Qarabağ müharibəsinin iştirakçısı olu. O, iyulun 29-da Laçın yolunda Ermənistana gedərkən saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.