Dünyanın bir çox ölkələrində təhsil müəssisələrində çalışan və yeni ata statusu qazanan kişi müəllimlərin də fəaliyyətinə müvəqqəti son qoyulması, bir növ , onların atalıq məzuniyyətinə çıxması hallarına icazə verilir.
Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir.
Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir.
Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.
Bəs, ölkəmizdə necə, əmək qanunvericiliyi buna nə dərəcədə imkan verir?
Tacxeber.com xəbər verir ki, Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:
Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;
Amma xüsusən də mental dəyərlər, cəmiyyətin bəzi yazılmamış qaydalarından dolayı kişi müəllimlər bu hüquqlarından demək olar ki, yararlanmırlar. Halbuki, bu sırf Əmək Məcəlləsinin adıçəkilən maddəsinin müvafiq bəndləri ilə əsaslandırılan qanuni əsasdır.