Rusiya və Çin “soyuq müharibə”dən sonra ABŞ-ın formalaşdırdığı birqütblü dünya modelinə son qoymaq istəyir. Moskva və Pekin Vaşinqtonla mübarizənin yeni mərhələsinə daxil olur.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Kremlin vəziyyəti daha ağırdır, Rusiya Ukraynaya qarşı müharibəyə görə Qərbin müxtəlif sanksiyaları ilə üzləşib:
“Moskvanın ABŞ və Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə münasibətləri gərginləşib. Pekinin də Qərblə münasibətlərində problemləri var. ABŞ Çinin hərbi gücünü artırmasından, qonşularına yaratdığı problemlərdən və Tayvan adasını nəzarətə götürmək istəyindən narahatdır. Vaşinqton Pekini dayandırmaq üçün bölgədə müxtəlif siyasi və hərbi bloklar formalaşdırıb. Belə şəraitdə Pekində keçirilən “Bir Kəmər, Bir Yol” Forumu diqqət mərkəzində olub.
Pekindəki foruma qatılan Rusiya Prezidenti Vladimir Putin Çin ticarət mübadiləsinin 200 milyard dollara çatmasından fəxrlə danışıb. Bu rəqəm əsasən Çinin Rusiyanın yeraltı sərvətlərini almasıyla bağlıdır. Çin Rusiyadan hazır məhsul almır. Çünki Rusiyanın istehsal etdiyi məhsullara Çinin ehtiyacı yoxdur. Çin Rusiyadan qaz, neft, taxta və digər məmulatlar alır. Rusiya isə əksinə Çindən müxtəlif hazır məhsullar tədarük edir. Qərbin sanksiyalarına görə Rusiyanın Çinin məhsullarından asılılığı artıb. Ancaq bu məhsulların bir qismi keyfiyyət baxımından Qərbin eyni məhsullarından geri qalır.
Rusiya-Çin iqtisadi-ticari əlaqələrinin güclənməsi Vaşinqtonu narahat edir. Amerikanın əfsanəvi diplomatı Henri Kissincer 50 il əvvəl Çini faktiki ABŞ-ın tərəfdaşına çevirmişdi. Kissincerin digər məqsədi Pekin-Moskva ittifaqına mane olmaq idi. Ancaq Vaşinqtonun son illərdə həm Moskva, həm də Pekinə qarşı sərt siyasəti Rusiya ilə Çini müttəfiqə çevirib.
“The New York Times” Putinin məqsədinin ABŞ-a qarşı Çinlə ittifaqı gücləndirmək olduğunu yazır. “South China Morning Post” isə Çinin Rusiyaya satdığı hərbi texnologiyaların Vaşinqtonu narahat etdiyini bildirir. ABŞ dövlət katibi Entoni Blinken Pekini xəbərdar edib ki, Rusiyaya satılan hərbi texnologiyalar ABŞ-la münasibətlərdə Çinə əlavə problemlər yaradacaq. “Financial Times” da yazır ki, Rusiya Çinlə münasibətlərinin strategiyasını 2030-cü ilə qədər müəyyənləşdirməyi hədəfləyib”.
Mərkəzin ekspertləri hesab edirlər ki, buna baxmayaraq, Pekin beynəlxalq məsələlərdə Kremldən asılı olmaq istəmir və müstəqil qərarlara üstünlük verir:
“Məsələn, Çin Rusiya ilə yanaşı, Türkmənistandan da qaz alır. Bu, Çinə ona görə lazımdır ki, Rusiya enerjisindən asılı vəziyyətə düşməsin. Rusiyadan neft alışında Hindistan Çini üstələyib.
Pekindənki forumda Qərb ölkələrinin nümayəndələrin olmaması da diqqət çəkib. Bunun əsas səbəbi odur ki, Qərb liderləri Ukraynaya qarşı işğalçı müharibə aparan Putinlə eyni masada oturmaq istəmirlər. Avropa liderlərindən toplantıya sadəcə Macarıstan Baş naziri Viktor Orban qatılıb. Orban Putinlə ikitərəfli görüş keçirib, ancaq o bu görüşdən məyusluğunu gizlətməyib. Çünki Putin Orbana deyib ki, Ukraynaya qarşı müharibəni dayandırmaq fikri yoxdur”.