• 24 Noyabr 2024 19:30

ABŞ kəşfiyyatı müharibə anonsu verdi: Zəngəzur uğrunda savaş başlayır?

“Zənn etmirəm ki, Azərbaycan Zəngəzura hücum etsin. Heç buna ehtiyac da yoxdur”.

Bu sözləri Yenisabah.az-la söhbətində politoloq Qabil Hüseynli deyib.

Siyasi şərhçi ABŞ-nin nüfuzlu “Stratfor” nəşrinin Ermənistan cənub əraziləri ilə bağlı yazdığı analitik məqaləni şərh edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar nəşrinin iddiasına görə, Azərbaycanın Ermənistanın cənubunu və Zəngəzur dəhlizini zorla ələ keçirməsi perspektivinə baxmayaraq, Bakı çox güman ki, Ermənistanı sazişlə razılaşmağa məcbur etmək üçün İrəvanı nisbətən kiçik ərazi müdaxilələri və sərhədyanı atəşə məruz qoyacaq.

Həmçinin məqalədə “Politico” nəşrinin artıq təkzib edilən iddiasına – Baydenin konqresmenlərə “yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna işğalı ehtimalı”na diqqət yetirilib. Bildirilib ki, bu bəyanatlar Ermənistanın Avropa Birliyinə yeni təyin olunmuş səfiri Tiqran Balayanın oktyabrın 8-də Azərbaycanın Ermənistana bir neçə həftə ərzində müdaxiləsi ilə bağlı “təhlükə”nin olduğunu deməsindən sonraya təsadüf edir.

Q.Hüseynli söyləyib ki, bizim üçün müharibə dövrü bitib və artıq sülh danışıqları başlamalı, sülhə can atılmalıdır:

“Zəngəzur dəhlizinə gəldikdə isə bunu danışıqlar yolu ilə həll etmək mümkündür. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan bu yaxınlarda məlumat verdi ki, bu istiqamətdə işlər aparılır”.

Mütəxəssisə görə, Birləşmiş Ştatların Azərbaycanın Zəngəzura hücum edəcəyi ilə bağlı iddiaları ortaya atmasının səbəbi qəribədir:

“Bunu söyləməkdə çətinlik çəkirəm, amma onu deyə bilərəm ki, əgər belə bir ehtimal reallaşarsa, bu, Azərbaycan xeyirdən çox ziyan gətirər. Azərbaycanın böyük güclər tərəfindən təklənməsinə, çox ciddi sanksiyaların tətbiq edilməsinə və nəticə etibarilə, indiyə qədər bölgədə öz mövqeyini möhkəmlətmiş Azərbaycanın müəyyən çətinliklərə düşməsinə gətirib çıxara bilər. Bu, bizim üçün risk ola bilər”.

Onun fikrincə, ABŞ Rusiyadan gələn informasiyalar əsasında məsələni bu yöndə dəyərləndirir:

“Moskva da fitnəkar informasiyaları dünya mediasına ötürməklə bir növ bölgədəki mövcudluğunu qoruyub saxlamağa çalışır. Qısası, necə ki Rusiya bölgədə var, o zamana qədər də vəziyyət düzələsi deyil”.

Tacxeber.com

Oxşar xəbərlər