İngiltərə futbolunun əfsanəsi Bobbi Çarlton 1966-cı ildə İngiltərə millisi ilə dünya çempionu, iki il sonra isə “Mançester Yunayted”lə Çempionlar kubokunun sahibi olmuşdu.
O, hələ 21 yaşında ölə bilərdi. 1958-ci ilin fevralında Çempionlar kubokunun ¼ final mərhələsində Belqraddan qayıdan MU Münxendə aralıq eniş edib yenidən havaya qalxanda qəzaya uğramışdı. Komandadan cəmi bir neçə nəfər, o cümlədən Bobbi sağ qaldı. Komanda düz 10 il sonra ilk dəfə Çempionlar kubokunu qazananda qələbə, əlbəttə, Münxendə ölənlərin xatirəsinə həsr edildi.
1966-cı il dünya çempionatında triumfdan sonra Bobbi Çarlton Avropanın ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görüldü. O, öləndə Qızıl top qazanmış ən yaşlı futbolçu idi.
Ümumiyyətlə, bir çoxlarının fikrincə Çarlton XX əsrdə İngiltərənin ən yaxşı futbolçusu olub.