• 22 Noyabr 2024 20:04

Şiələrin dördüncü imamı Zeynalabidinin oglu Zeydin başının dəfn edildiyi güman olunan yer

712 və ya 713-cü ildə şiələrin dördüncü imamı, Zeynalabidin (möminlərin bəzəyi) ləqəbli Əli ibn Hüseyn vəfat etdi. Onun Əməvi xəlifəsi Validin, ya da xəlifənin qardaşı Hişamın təhriki ilə zəhərləndiyi ehtimal olunur. 

Bu hadisədən sonra şiələr arasında parçalanma baş verdi. Əksəriyyət, sonralar 12 imamçılara və ismaililərə parçalanacaq şiələr Zeynalabidinin böyük oğlu Məhəmməd Baqirin imamlığını qəbul etdilər. Digərləri isə imamın ikinci oğlu Zeydi imam kimi tanıdılar və bununla zeydi şiələr qolu yarandı.

Maraqlıdır ki, başqa belə hallardan fərqli olaraq parçalanma iki atabir qardaş (anaları ayrı idi) arasında nifaqa səbəb olmadı. Məhəmməd Baqir, eləcə də onun oğlu, altıncı imam Cəfər Sadiq Zeydə böyük hörmətlə yanaşırdılar. İmam Baqirin Zeyd haqqında “Bizlər arasında məhz o, Əli ibn Əbu Talibə oxşamaq üçün doğulub” dediyi söylənilir. Zeyd həm cəsarətli, həm dini bilikli, həm də bəlağətli insan idi. Bir çox müasirləri onun haqqında çox yüksək fikirlər söyləyiblər.

Əməvi xəlifələri arasında öz möminliyi və ədaləti ilə seçilən xəlifə II Ömər (717-720) də Zeydə hörmətlə yanaşır, məktublaşaraq məsləhətlər alırdı. Amma 724-cü ildə xəlifə taxtına yuxarıda xatırladığım Hişam (724-743) çıxdıqda vəziyyət dəyişdi. Xilafətdə ədalətsizlik, zülm tüğyan etdi, eləcə də Əli nəslindən olanların təqibi gücləndi.

Məhəmməd Baqir siyasi proseslərə qarışmamağı, dini işlərlə məşğul olmağa üstünlük verirdi. Zeyd isə hesab edirdi ki, zülmə qarşı üsyan etməyin, qanunsuz Əməvi sülaləsini devirməyin vaxtı çatıb. O, 740-cı ildə üsyan qaldırdı. Bu zaman babası imam Hüseyn kimi kufəlilərə inandı və babası kimi aldadıldı. Zatən dövrün görkəmli ilahiyyatçısı, malikilər məzhəbinin banisi Malik ibn Ənəs ona kufəlilərə inanmamağı məsləhət görmüşdü. Əməvilərin İraq valisi Yusuf Taqafi kufəliləri satın ala bildi. Zeydə sədaqət andı içən minlərlə kufəlidən yanında çox az adam qaldı.

Başqa bir ilahiyyatçı, hənəfi məzhəbinin banisi əbu Hənifə Zeydin üsyanını dəstəkləyən fətva verdi. 740-ci il yanvarın 5-də baş verən döyüşdə xəlifənin sayca qat-qat üstün qüvvələri üsyançıları məğlib etdilər, Zeyd alnına dəyən oxdan həlak oldu. O, gizli yerdə dəfn edildi. Amma xəlifə adamları qəbrin yerini tapa bildilər, cəsədi çıxarıb başını xəlifəyə göndərdilər və bədəni əvvəlcə çarmıxa çəkdilər, sonra da yandırdılar.

Zeyd üsyanı məğlub olsa da Əməvilərə qarşı nifrətin artmasına, narazıların konsolidasyasına səbəb oldu. 750-ci ildə “Abbasi inqilabı” nəticəsində Əməvilər devrildikdə, Zeydin qisası olaraq Hişamın cəsədi məzarından çıxrıldı, çarmıxa çəkildi və yandırıldı.

Zeyd ibn Əli İslamın bütün məzhəbləri tərəfindən böyük şəhid kimi tanınır.

Zeydin başının dəfn edildiyi deyilən iki yer var. Biri şəkildəki, İordaniyada yerləşən məqamdır.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər