• 25 Noyabr 2024 18:57

Ətin qiyməti 20 manata çatır: Qiyməti hər gün qalxır…

Ətin qiyməti 20 manata çatır: Qiyməti hər gün qalxır...

Son dövrlər bazarda ətin qiyməti digər məhsullarla müqayisədə kəskin artıb. Koronavirus pandemiyası dövründə hər şeyin qiyməti qalxdı, lakin ət ən bahalı məhsullardan birinə çevrildi. İki-üç il əvvəl şəhər bazarlarında dana ətinin kiloqramı orta hesabla 10-11 manata, quzu əti 12-13 manata təklif olunurdu. İndiki qiymətlər isə müvafiq olaraq 16-17 və 17-18 manatdır. Bir az da keçsə, biz qiymətin əvvəlkindən ikiqat artması haqqında danışa bilərik. 

Cebhe.info bazarı araşdırdıqda məlum olub ki, son aylar ətin qiymətində 2- 3 manat arası artım müşahidə olunub. Belə ki, mal ətinin 1 kiloqramının qiyməti 12 AZN-dən 14,50 AZN-ə, qoyun əti isə 15-16 AZN-dən 17-18 AZN-ə kimi artıb. Bahalaşma xüsusən də marketlərdə daha çox özünü göstərib.

Bəzi satıcılar bildiriblər ki, ətin qiyməti 20 manata qədər də bahalaşa bilər. Səbəb olaraq isə bildirirlər ki, ətin qiymətinin artmasına səbəb otun, yemin və digər heyvanlara çəkilən xərcləri qiymətinin artmasına səbəb olaraq göstərmək olar.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib ki, ticarətdə mal ətinin üç növünü ayırmaq adətdir:

“Aydındır ki, qiymətlər çeşiddən asılıdır, lakin bizim praktikada bu qayda tətbiq edilmir. Adətən çeşidlər qarışdırılır və hər şey orta qiymətə satılır. Nəticədə alıcı nəinki daha çox pul ödəyir, o, həm də gizli qiymət artımına görə artıqlaması ilə ödəyir”.

İqtisadçı-ekspert Xalid Kərimli qiymət artımını ət istehsalçılarının xərclərinin artması ilə izah deyib:

“Mal əti bazarında qiymətləri dövlət yox, bazar tənzimləyir. Tarif Şurası digər qiymətlərlə bağlı qərar verir, bu da ət bazarında özünü göstərir. Bir neçə ət bazarı var. Bura quş əti, qoyun əti, mal əti və balıq əti məhsulları daxildir. Məncə, ətə olan tələbatımızın 85%-ni yerli istehsal təmin edir. Qoyun əti üçün isə bu rəqəm 97%-dir. Çünki qoyun əti istehsalı ətrafımızda ən yaxşı bizdə inkişaf edib.

Hardasa 80% quşçuluq məhsulları və 90% mal əti ilə özümüzü təmin edirik. Bunların hər biri öz istehsalımız olsa da, hər birindən üzrə idxalda yem komponentləri üzrə asılıyıq. Ümumiyyətlə, ət istehsalında da maya dəyərlərinin xərclərinin əhəmiyyətli hissəsinin 70%-ə qədəri yem komponentləri üzrə formalaşır. Yəni ətin istehsal olunmasının maya dəyərinin 70%-i yemdir.

Bu yem komponentlərində də xaricdən asılıyıq. Həm soya, həm dərman məhsulları, həm bu sahədə istifadə olunan buğda və arpanın dəyəri qiymətlərə təsir edir. Bu, bizim nəzarətimizdə deyil. Bu baxımdan ət istehsalında son dönəmlər xərc artıb. Təbii ki, hər ət istehsalı üzrə xərclərin qiymətlərə təsiri olur. Tutaq ki, quşçuluqda 40 günə toyuq yetişdirilirsə, mal- heyvanın yetişdirilməsi illər tutur. Ona görə də xərclərin artımı bu fermerlərə və təsərrüfatlara da tədricən təsir edir”.

Ekspertin fikirlərinə görə, Azərbaycanın ucuz bazarları olan Ukrayna və Rusiya indiki dövrdə əlçatmaz olduğundan, bu,  yerli təsərrüfatların qiymətləri qaldırmasına yol açır:

“Xaricdən idxalın da əhəmiyyəti var. Ucuz bazarlardan-  Ukrayna və Rusyadan mal gətirirdik. İndi bunların da aradan qaldırılması yol verir ki, yerli fermer və təsərrüfatların qiymətləri daha qaldırmasına imkan verir. O təsir amili də aradan qaldırılır. Yerli mal əti təqdim edənlər 2 formada olur. Birincisi, intensiv təsərrüfatlar, ikincisi isə ev təsərrüfatlarıdır.

İntensiv təsərrüfatlarda qiymətlərə yem komponentləri təsir göstərir. Ev təsərrüfatları da yemdən istifadə edir, amma onlar daha çox otun bahalaşmasından şikayətlənirlər. Yəni qısacası, həm xaricdən gələn idxal ət, həm intensiv təsərrüfatlar, həm də ev təsərrüfatlarında xərclər artıb. Tələbat artımında da ilk imkanda onlar qiyməti artıra bilirlər”.

Ekspertlər bu bahalaşmanın 2023-cü ilin sonuna qədər davam edəcəyini və ətin qiymətinin bir kiloqram üçün 20 manata kimi qalxacağını proqnozlaşdırırlar.

Tacxeber.com

Oxşar xəbərlər