Teleaparıcı Aytən Leylaqızının “Space” telekanalından çıxarıldıqdan sonra telekanal haqda verdiyi açıqlamalar qalmaqal yaradıb.
Qeyd edək ki, aparıcı verilişi üçün əlindən gələni etdiyini, proqramın yaxşı reytinq verdiyini, buna baxmayaraq işdən çıxarıldığını bildirərək gileylənib.
Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a “Space” telekanalının keçmiş aparıcısı Rövşanə Ağasəfqızı danışıb. O, teleaparıcıların ciddi səbəb olmadan qəflətən işdən çıxarılmasının düzgün olmadığını bildirib:
“Ömrümün 20 ilə yaxınını televiziyaya vermişdim, amma sonda belə oldu. Mən artıq “Space” telekanalının əməkdaşı olmadığım üçün o kanal haqda nə isə deməyim doğru deyil. Amma ümumilikdə məsələ haqda danışmaq olar. Azərbaycanda elə şəxslər var ki, ömürlərini jurnalistikaya, televiziyaya bağlayıblar. Onlar həkim deyil ki, paytaxtda olan yüzlərlə klinikalardan birinə işləməyə getsinlər. O insanlar həyatlarını televiziyaya bağlayıblar və bu gün telekanala gələn rəhbərin “Mənim kefim belə istəyir”, “Bu aparıcı ilə işləmək istmirəm”, “Onun filan sözünü, saçını bəyənmədim” deyərək həmin aparıcını işsiz qoymağı düzgün deyil. Bəs o şəxslər nə etsin? Televiziyada “setka” iyul, avqust ayından yığılmış olur, bəlli bir qrafik olur. Bundan sonra işdən çıxarılan aparıcı heç yerdə iş tapa bilmir. O insanlar başqa sənət sahibi deyillər. İllərini bu sənətə vermiş peşəkar aparıcılar bəzən hansısa telekanal rəhbərinin kefinin qurbanına çevrilir.
Hesab edirəm ki, bu belə olmamalıdır. Əgər bu insanlar illərdir telekanalda çalışıblarsa, deməli, efirə yararlıdırlar. Bu gün “Sənin qara gözün mənim xoşuma gəlmədi” deyib insanları işsiz qoymaq düzgün deyil. Teleaparıcı nə etməlidir, gedib toyda “tamadalıq” etsin?!”.
R.Ağasəfqızı aparıcıların televiziyadan uzaqlaşıb “YouTube”da izləyici kütləsi yığmağının o qədər də asan məsələ olmadığını qeyd edib:
“Hər işdən çıxan “YouTube” kanalı açsa, orada veriliş aparsa, uğur qazanacaq deyə bir şey yoxdur. Bu gün sosial media o qədər inkişaf edib ki, “YouTube” kanallarına o qədər də baxış sayı gəlmir. Populyarlıq qazanan kanallar bu gün çox azdır, onlar barmaqla sayılacaq qədərdir. Bu gün heç televiziyaya əvvəlki səviyyədə baxan yoxdur, o ki qaldı “YouTube” kanalına baxsınlar. Bu gün hamı telefonunda qısa videolara baxmağı sevir, artıq dinamik bir dövrə gəlib çıxmışıq. Artıq 2-3 saatlıq verilişlərə baxmağa nə zaman, nə də həvəs var. Sən nə qədər bekar olmalısan ki, 2 saat televiziyanın qarşısında oturasan? Hazırda demək olar ki, hər kəs zaman qıtlığından gileylənir. Tamaşaçını “YouTube” kanalına cəlb etmək o qədər də asan məsələ deyil”.