Bu banklar da ləğv ediləcək – Vahid Əhmədovdan açıqlama
Azərbaycanda son illər lisenziyası ləğv edilən bankların ard-arda bağlanması əhalinin bank sektoruna etimadını azaldıb. Mütəxəssislər isə bankların bağlanmasını müxtəlif səbəblərlə izah edirlər.
Konkret.az bankların lisenziyalarının ləğv edilmə səbəbini öyrənmək üçün millət vəkili Vahid Əhmədova müracət edib.
Deputat bazar iqtisadiyyatının prinsiplərindən danışıb və bildirib ki, bank sektorunda işləyən insanlar bu sistemi bilməlidir: “Müstəqilliyin ilk illərində asanlıqla bankı qururdular, işlədirdilər, çünki o qədər nəzarət mexanizmi yox idi. İndi bu sahədə kifayət qədər təcrübəli mütəxəssislər var. Artıq tələbat da, dövran da dəyişib. Bəzi banklar var ki, kreditləri sağa-sola paylayır, sonra dövriyyə, pul çatışmazlığı yaranır. Bu zaman bank məcbur qalıb dövriyyədən çıxır. Əgər bank normal işləyirsə, heç bir problem yoxdursa, lazım olan dövriyyəsi varsa, depozitləri kifayət qədərdirsə, kreditləri vaxtlı-vaxtında ödənilirsə, bankın işləməsində problem olmur. İndi “Muğanbank” bağlanıb, orada təxminən 300 milyona yaxın depozit var…”.
– Vahid müəllim, banklarda kadr çatışmazlığını qeyd etdiniz. Yeni bağlanan “Muğanbank” neçə illərdir fəaliyyət göstərir. Əgər “Muğanbank” ixtisaslı kadr sarıdan korluq çəkibsə, bu müddətdə necə fəaliyyət göstərib?
– Sən bankir deyilsən axı, mən də bankir deyiləm. Deyə bilmərik ki, orada işləyənlər hamısı peşəkar olub. Əgər öz işlərini mükəmməl bilsəydilər, belə səhvlər buraxmazdılar. İndi bank sistemində tələblər tamamilə dəyişib. Nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən işə salınıb. Orada ildə bir neçə dəfə hesabata baxılır, müzakirələr aparılır. Yadınıza gəlirsə, müstəqilliyin ilk illərində 50-dən çox bank var idi. Amma hal-hazırda cəmi 23 bank fəaliyyət göstərir. Ona görə də indiki tələblərə cavab vermək o qədər də asan məsələ deyil. İndi kimsə nəyisə gizlətmək istəyirsə, bu qeyri-mümkündür.