• 25 Noyabr 2024 09:27

“Sülhməramlı”lar Qarabağda hələ bir az qalsa, yaxşıdır…” – Tacəddin Mehdiyev

“Sülhməramlı”lar Qarabağda hələ bir az qalsa, yaxşıdır...” –  Tacəddin Mehdiyev

Azərbaycan ordusunun sentyabrın 19-20-dəki cəmi bir sutkalıq əməliyyatından sonra, 200-dən çox igidimizin canı, qazilərimizin qanı hesabına separatçılar, terrorçular Qarabağ torpağımızdan getdi və yaxud zərərsizləşdirildi, amma,  təəssüf ki, həmin separatizmin əsasını qoymuş Rusiya imperiyasının  “sülhməramlı” adlanan ordusu və bayrağı torpağımızda qaldı. Görəsən, həmin “sülhməramlı”ların tezliklə torpağımızdan çıxmasına necə  nail olmaq olar?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında  sabiq müdafiə naziri,  general-mayor Tacəddin Mehdiyev bunları söylədi:

“Hesab edirəm ki, Azərbaycan ordusunun 19-20 sentyabr əməliyyatlarından və dövlət bayrağımız Xocalı, Xankəndi, Ağdərə, Xocavənd və sair məntəqələrimizdə də ucaldıldıqdan sonra artıq Rusiyanın “sülhməramlı” adlanan qoşunu Qarabağda istəsə də, dövlətimizə, xalqımıza qarşı heç bir zərərli iş görə bilməz. Artıq onların postlarının sayı da xeyli azaldılıb. Ermənilərin də əksəriyyəti könüllü şəkildə oradan çıxıb getdikdən sonra “sülhməramlı”lar faktiki olaraq öz funksiyalarını itirmiş oldular. Bununla belə, hazırkı durumda “sülhməramlı”ların Qarabağdan çıxması hələlik Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə ki, onlar oradan çıxan kimi ABŞ, eləcə də Avropa ölkələri, xüsusən də Fransa çalışacaq ki, həmin Azərbaycan torpağında bir neçə erməni qalmasını da bəhanə edərək öz sülhməramlılarını, yaxud BMT sülhməramlılarını oraya yeritmək üçün dövlətimizə təzyiq etsinlər. Onlar da Qarabağa yerləşəndən sonra məsələ lap qəlizləşəcək…

Amma Rusiya özü də yaxşı başa düşür ki, onun “sülhməramlı”ları da yalnız müvəqqəti oradadırlar. Uzağı 2025-ci ilədək… Azərbaycan dövləti bütün Yuxarı Qarabağın yaşayış  məntəqələri üzərində yurisdiksiyasını tam bərpa edəndən, hakimiyyət strukturlarını qurandan sonra, bu “sülhməramlı”lara, ümumiyyətlə, ehtiyac qalmayacaq və onları öz ölkələrinə yola salacağıq…”

Tacxeber.com

Oxşar xəbərlər