• 23 Sentyabr 2024 20:30

Paşinyandan sərt qərar: Rus ordusu Ermənistandan çıxarılır – Putin buna dözməyəcək  .

Ermənistanla Rusiya arasında ziddiyyətlər son günlər daha da kəskinləşib. Ermənistanın ard-arda atdığı anti-Rusiya addımlıarı Moskvanı İrəvanla münasibətlər fonunda əməlli-başlı qəzəbləndirib. 

Hətta İrəvanın Kremllə münasibətləri tamamilə kəsmək üçün daha radikal addımlar atacağı gözlənilir. Bu sıraya, ilk növbədə, Ermənistandakı 102-ci rus hərbi bazasının çıxarılması daxildir. Mütəxəssislər hesab edirlər ki, belə bir qərarın verilməsi Kreml üçün “bardağı daşıran sonuncu damla” ola bilər. KİV-də Ermənistan bu addımı atarsa, Rusiyanın buna dözməyəcəyinə dair iddialar yer alıb.

Maraqlıdır ki, İrəvan buna gedəcəkmi? Ermənistan rus hərbi bazasının çıxarılması üçün hərəkətə keçəcəkmi? Və ən əsası, onlar belə bir qərar qəbul etsələr, Rusiyanın cavabı nədən ibarət olacaq?

Yenisabah.az-la söhbətində suallarımızı cavablayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ehtimallara inanmadığını dilə gətirib.

“İnanmıram ki, yaxın zamanlarda belə bir şey olsun və Ermənistan bu şəkildə Rusiya ilə əlaqələri pozsun. Hər halda, burada birinci məsələ KTMT məsələsidir. Hətta bununla bağlı Baş nazir Nikol Paşinyan bu yaxınlarda müsahibə verərkən qeyd edib ki, müzakirələr aparılacaq və qərar qəbul olunacaq”, – o, əlavə edib.

BMTM sədrinin fikrincə, biz 5 il sonrakı hadisələri analiz etsək, bu gün Rusiyanın regiondakı təsirinin yavaş-yavaş azalmağa başladığını görə bilərik:

“Burada bir sıra geosiyasi faktorlar var. Eyni zamanda Rusiya qonşu və regional güc olaraq bölgədə qalacaq, o cümlədən onun mənfi təsiri regionda özünü göstərəcək. Lakin indi müəyyən dərəcə proqnozlar vermək çətindir ki, Ermənistanla Rusiya arasında əlaqələr hansı dərəcədə pozulacaq?”

“Gözləmirəm ki, rəsmi İrəvandan bununla bağlı kəskin addımlar atılsın, o cümlədən 102-ci rus bazasının çıxarılması ilə bağlı… Ola bilsin ki, Ermənistanın ilk addımı KTMT-dən çıxmaq olacaq. Ondan sonra rus bazasının çıxarılması gündəmə gələcək. Digər tərəfdən, Ermənistanın idxal-ixrac əməliyyatlarının 50%-i Rusiya ilə bağlıdır. Yəni Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır deyə, bu proseslərin birdən-birə olması inandırıcı gəlmir”.

Tacxeber.com

Oxşar xəbərlər