• 25 Noyabr 2024 06:03

Rusiya və Ukrayna gizli şəkildə əlaqə saxlayır – SENSASİON İDDİA

Rusiya və Ukrayna gizli kanallar vasitəsilə bir sıra humanitar məsələlər, o cümlədən hərbi əsirlərin və ölən əsgərlərin cəsədlərinin mübadiləsi, Qara dəniz limanlarından gəmilərin keçməsi və ukraynalı uşaqların geri qaytarılması ilə bağlı razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” danışıqlarda iştirak edən Ukrayna rəsmilərinə istinadən yazıb.

Qeyd olunub ki, iki ölkənin nümayəndələri arasında danışıqlar Ukrayna-Rusiya sərhədində, İstanbulda və ya telefonla baş tuta bilər.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin əsirlərin mübadiləsi məsələsi üzrə koordinasiya mərkəzinin rəhbəri Dmitri Usov nəşrə açıqlamasında hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqların vasitəçilər olmadan aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, Rusiya tərəfdən danışıqlar prosesində Rusiya Müdafiə Nazirliyi yanında koordinasiya mərkəzi, FTX, ayrı-ayrı rus siyasətçiləri, həmçinin “Vaqner”  və Çeçen “Axmat” batalyonunun nümayəndələri iştirak edir.

Mənbələrin bildirdiyinə görə, əsirlərin və cəsədlərin dəyişdirilməsi adətən Ukraynanın Sumı vilayətinin şimal-şərqində baş verir.

Sentyabr ayına qədər Ukrayna tərəfində itkin düşən əsgərlərin axtarışına nəzarət edən Oleq Kotenko bildirib ki, ölənlərin cəsədlərinin mübadiləsi ayda təxminən iki dəfə baş verir. O əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri mübadilələrdə müşahidəçi qismində iştirak edir.

Qəzetin yazdığına görə, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar bəzən İstanbulda baş tutub. Xüsusilə, söhbət 2022-ci ilin iyulunda tərəflərin taxıl müqaviləsi barədə razılığa gəldiyi görüşlərdən gedir.

Usov iddia edir ki, məhz İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna əsirlərin mübadiləsinə dair razılığa gəliblər. Həmin vaxt 55 hərbi qulluqçu Rusiyaya, 215-i Ukraynaya, o cümlədən Azov batalyonunun 108 döyüşçüsü qayıdıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər