• 25 Noyabr 2024 01:18

Tehran niyə İrəvandan üz döndərib Bakıya istiqamətləndi… – SENSASİON MƏQAMLAR

“2023-cü ilin payızında İrəvan Bakıya nəinki hərbi-siyasi baxımdan tamamilə uduzdu, həm də əsas müttəfiqi olan Rusiyanın da dəstəyini itirdi. Bu, İranı Ermənistanla xüsusi münasibətlər siyasətindən əl çəkməyə, yeni regional nizamla barışmağa və yeni nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edərək ondan faydalanmağa çalışmağa sövq etdi”.

Bu barədə Karnegi (Carnegia) Beynəlxalq Sülh Fondunun hesabatında “Nəyə görə İran diqqətini Ermənistandan Azərbaycana yönəldib?” başlıqlı məqaləsində deyilir.

Qeyd olunub ki, 2020-ci ilin payızında Azərbaycanın Qarabağda qazandığı hərbi qələbələr nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. İran həmin hadisələrin birbaşa iştirakçısı olmadığından baş verənlərə ciddi təsir göstərə bilməzdi. Rəsmi Bakının Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizini reallaşdırmaq niyyəti Tehranı ciddi narahat etməyə başladı. Belə bir ssenaridə İranın Ermənistanla, o cümlədən Ermənistan üzərindən Qara dəniz tranzitinə çıxışı itiriləcək.

 

“Cənubi Qafqazda artan Türkiyə-Azərbaycan təsirinə qarşı çıxmağa çalışan İran Ermənistanla yaxınlaşmağa başladı. Düzdür, məsələ böyük ölçüdə simvolik jestlərlə – bəyanatlarla və yüksək vəzifəli məmurların tez-tez səfərləri ilə kifayətləndi. Bura həm də Ermənistanın Kapanda İran konsulluğunun açılması, eləcə də İran azərbaycanlılarının mərkəzi sayılan Təbriz şəhərində Ermənistan diplomatik nümayəndəliyinin açılması planları daxildir. Bunun fonunda İranla Azərbaycan arasında münasibətlər son onilliklərin ən ağır böhranını yaşayırdı. Rəsmi Tehran sərhədləri güc yolu ilə dəyişmək istəyəcəyi təqdirdə qətiyyətlə cavab verəcəyi ilə hədələyib və niyyətinin ciddiliyini sübut etmək üçün Azərbaycan sərhədində hərbi təlimlər keçirib. Bakı daha sərt cavab verdi və mahiyyət etibarı ilə İranda Azərbaycanın özündən daha çox insan yaşayan etnik azərbaycanlıların separatizmini dəstəkləməklə hədələdi. 2023-cü ilin əvvəlində Azərbaycan tərəfi Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə edərək diplomatik münasibətlərin səviyyəsini de-fakto aşağı salıb. Buna səbəb isə Azərbaycan səfirliyinə hücum olub”, -məqalədə qeyd olunub.

Məqalədə həmçinin bildirilir ki, 2023-cü ilin oktyabrın 19-20-də Azərbaycanın sürətlə həyata keçirdiyi Qarabağ əməliyyatdan sonra bölgədə tamamilə yeni reallığın yaranması, Tehranı yaranmış reallığa uyğun addım atmağa vadar edib.

“İran Qafqazda yeni nizamın labüdlüyünü anlayaraq öz yanaşmalarına yenidən baxdı. İranlıları Ermənistana yaxınlaşdırmaq cəhdləri Azərbaycanı qıcıqlandırsa da, heç bir ciddi fayda vəd etmirdi. Tehran hazırda Bakı və Ankaranın düşmən ittifaqının dominantlıq etdiyi regionda uduzmuş ölkəyə bağlanmaq riskini daşıyır.

 

İran üçün əlavə arqument Ermənistanın Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdləri olub. Erməni-Amerikan birgə hərbi təlimləri xüsusilə güclü qıcıqlandırıcı oldu. İran hakimiyyəti dəfələrlə sərhədlərində qeyri-regional qüvvələrin olmasını qırmızı xətt adlandırıb. Üstəlik, bu halda biz Amerika ordusundan danışırdıq.

Daha mühüm amil isə ondan ibarətdir ki, İrəvanın Vaşinqtonla əməkdaşlığı nəhayət, Rusiyanı Ermənistandan uzaqlaşdırdı. Moskva Qarabağ məsələsini güc yolu ilə həll etmək üçün faktiki olaraq Azərbaycana kart-blanş verdi. Tehran isə bu vəziyyətdə uduzan tərəfi inadla dəstəkləyən yeganə tərəf olmaq istəmirdi.

Həm Qarabağ hadisələri, həm də başqa bir müharibə – Rusiyanın Ukrayna ilə müharibəsi İranın xarici iqtisadi strategiyasına ciddi təsir göstərdi. Məsələn, götürək ki, Qərbin sanksiyaları fonunda Moskva alternativ əməkdaşlıq sahələrinə, o cümlədən İrana xüsusi diqqət yetirməyə başladı.

Ukrayna münaqişəsinin kəskin mərhələsi başlayandan sonra üzərində iş intensivləşən ən perspektivli layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Rusiya tranzitinin əhəmiyyətli hissəsini bu marşruta yönəltməyi gözləyir.

 

İran yeni nəqliyyat dəhlizindən çox şey gözləyir. Lakin layihədə təkcə Rusiya deyil, həm də yeni marşrutun ərazisindən keçəcəyi Azərbaycan da iştirak edir. Aydındır ki, Bakı ilə qarşıdurma şəraitində bu istiqaməti inkişaf etdirmək asan olmayacaq və sərhəddə gözlənilməz yüklərin gecikməsi kimi müntəzəm problemlər yetərincədir. Ona görə də İranın Azərbaycanla əlaqələrini istiləşdirmədən başqa yolu yoxdur. Üstəlik, artıq Rusiya və İran arasında sürətlə artan ticarətin əhəmiyyətli hissəsi (2022-ci ildə +20%) yük maşınları ilə Azərbaycan ərazisindən keçir.

Habelə Şimal-Cənub dəhlizindən qat-qat tez həyata keçirilə bilən başqa bir nəqliyyat layihəsində də Azərbaycan İran üçün vazkeçilməzdir. Söhbət Zəngəzur dəhlizindən gedir. Naxçıvandan keçən avtomobil yolları – dəmir yolu və avtomobil yolları təkcə Türkiyə ilə Azərbaycanı birləşdirməyəcək, həm də Şimal-Cənub dəhlizini bu marşruta birləşdirməyə imkan verəcək. Sovet dövründə İrandan Culfaya (Naxçıvan) dəmir yolu işləyirdi. SSRİ-nin dağılmasından sonra həmin yolun İrana gedən Qafqaz hissəsi Ermənistan və Azərbaycan arasında bölündü və ondan istifadə etmək mümkünsüz oldu. İndi bu marşrutu istifadəyə vermək üçün əsas Azərbaycan ərazisindən Culfaya qədər olan kiçik bir hissəni bərpa etmək və ya yenidən tikmək kifayətdir.

Tehran bundan əvvəl Zəngəzur dəhlizinə qarşı çıxıb, çünki Ermənistanla sərhəddə nəzarəti Azərbaycan tərəfinə vermək istəmirdi. Amma deyəsən, Bakı və Tehran kompromis tapa bildilər – dəmir yolunun qismən İran ərazisindən keçəcəyi ilə razılaşıblar. Beləliklə, Tehranın vəziyyətə nəzarət etmək üçün daha çox imkanları olacaq. İranlılar bu tənzimləmədən məmnundurlar. Layihə reallaşarsa, onların Türkiyə üzərindən Aralıq dənizinə, Azərbaycandan keçməklə Rusiyaya gedən dəmir yoluna çıxışı olacaq.

Bütün bu amillər Qara dənizin Ermənistan ərazisindən tranzitinin əhəmiyyətini açıq şəkildə üstələyir. İdeal olaraq, Tehran nə birindən, nə də digərindən imtina etmək istəməzdi. Ancaq seçim etməlisənsə, qərar göz qabağındadır.

Tehran Bakı ilə mənasız mübahisələr əvəzinə yeni regional nizamla barışmaq və ondan faydalanmaq qərarına gəldi. Gələcəkdə İran tərəfi yeni tranzit marşrutlarına çıxış əldə edəcək və Tehranın ciddi ümidlər bəslədiyi Rusiya ilə ticarətin inkişafına zəmanət verəcək. İranla Azərbaycan arasında normal münasibətlər olmasa, bütün bunlar qeyri-real olardı”, – məqalə bildirilir. (Ölkə)

Tacxeber.com

Oxşar xəbərlər