Britaniyanın “İndependent” nəşri Rusiya prezidenti postuna mümkün namizədlərin adını açıqlayıb.
Mixail Mişustin
Rusiyanın hazırkı baş nazir Mixail Mişustin qanunun tələblərinə əsasən avtomatik və qanuni olaraq Rusiyanın lideri olur.
Prezident ölərsə və ya qəfil istefa verərsə, o zaman Federasiya Şurası 14 gün müddətində növbədənkənar prezident seçkilərini təyin etməlidir. Federasiya Şurası bu vəzifənin öhdəsindən gələ bilmədiyi təqdirdə baş nazir Mixail Mişustin müvəqqəti prezident olacaq.
Bununla belə, bəziləri Mişustini Putinin yaxın ətrafı, pərəstişkarları və tərəfdarları arasında populyarlıq qazanmadığını nəzərə alaraq, onu daimi təyinat üçün çətin namizəd hesab edir.
Sergey Kiriyenko
Bu ad tez-tez ölkəyə rəhbərlik edə biləcək insanlar arasında hallanır. Kiriyenko Putinin yaxın çevrəsində olanlardandır. Kremldəki mənbələrə görə, o, hazırkı prezidentlə demək olar ki, hər gün əlaqə saxlayır və Rusiya siyasi elitasının əsas fiqurları ilə yaxşı münasibətdədir.
Sergey Şoyqu
Rusiya-Ukrayna müharibəsindəki uğursuzluqları və çatışmazlıqları nəzərə alsaq, Sergey Şoyqunu artıq Putinin sələfi roluna ehtimal olunan namizəd hesab etmək olmaz.
Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Putini DTK-də işlədiyi günlərdən tanıyır. “İnsayder” mənbələrdən alınan məlumata görə, o, 2014 və 2022-ci illərdə Ukraynaya təcavüzün əsas strateqi olub.
71 yaşlı məmur Putinin qulaq asdığı nadir insanlardan biridir. Eyni zamanda, Kremlin insayderlərinə görə, Patruşevin oğlu, hazırda Rusiya Federasiyasının kənd təsərrüfatı naziri olan Dmitri Patruşev də Putinin varisi olmaq üçün mübarizə aparır.
Dmitri Medvedev
Medvedev Putinin ən yaxın müttəfiqlərindən biri kimi tanınır və onun real potensial varislərindən biri hesab olunur. Medvedev artıq 2008-ci ildən 2012-ci ilə kimi prezident vəzifəsində çalışıb və əvvəlcədən razılığa əsasən istefa verib.
Rusiya Federasiyasında çevriliş mümkündürmü?
Putinin ölümü Rusiya daxilində bəzi proseslərə təkan verə bilər, lakin bu, şübhəsiz ki, Ukraynaya qarşı müharibənin son nöqtəsi olmayacaq.
Bu fikri açıqlamasında rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Nikolay Polozov deyib.
“Putin prezident olsa da, bu rejimin tam təcəssümü deyil. Çünki şərti olaraq Putin rejimi ölkə daxilində Rusiya xüsusi xidmətinin imkanlarından istifadə edərək hökumətin bütün rıçaqlarını ələ keçirmiş quldurlar və təhlükəsizlik zabitlərinin birliyidir”, – o qeyd edib.
O əlavə edib ki, Stalinin ölümündən sonra olduğu kimi, Putinin öləcəyi təqdirdə onun ətrafı arasında mütləq şəkildə hakimiyyət uğrunda mübarizə gedəcək. “Amma bu, avtomatik olaraq bu strukturun müəyyən dərəcədə dərhal məhv ediləcəyi, müharibənin və ya onun əsasının, yəni Krıma olan iddiaların sona çatacağı anlamına gəlmir”, – Polozov qeyd edib.
Onu da qeyd edək ki, Rusiyanın anonim teleqram kanallarından biri özünü müxalifət kanalı kimi təqdim edərək Putinin oktyabrın 26-da axşam saatlarında öldüyü barədə məlumat yayıb.
Yada salaq ki, müxtəlif Qərb mediası müharibə başlayandan bəri oxşar məqalələrlə çıxış etsələr də, Kreml iddiaların şayiələrdən başqa heç bir şey olmadığını açıqlayır. Onu da bildirək ki, Rusiya tərəfi belə informasiyaları təzyiq vasitələrindən biri kimi qəbul edir. (Ölkə)