Şahin Diniyev: “Mən istəyirəm ki, gecə rahat yatım, heç kimin haqqını yeməyim”
“Maraqlı, bol qollu oyun oldu. İlk hissədə biz, ikincidə isə rəqib üstün oynadı. Birinci yarıda rəqib müdafiəsindəki boşluqları tapmışdıq. Yenə də qol şanslarımız var idi. Lakin dəyərləndirə bilmədik”.
Bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 11-ci turunda “Zirə” ilə oyundan sonra (2:2) keçirilən mətbuat konfransında deyib.
O, ikinci hissədə komandasının zəif təsir bağışladığını bildirib: “İkinci hissədə inamsız təsir bağışladıq. Bu, bəlkə də 11 matçda keçirdiyimiz ən zəif hissə idi. Biz hər matça 3 xal üçün çıxırıq. Lakin bu gün ikinci yarıda bunu görmədim. Belədə mütləq cəzalanmalıydıq, belə də oldu”.
Diniyev rəqib haqda da danışıb: “Zirə” çox yaxşı, intizamlı komandadır. Rəşad Sadıqov nə istədiyini bilən kollektiv formalaşdırıb. İkinci hissə məni çox məyus etdi. İrəli baxmalıyıq”.
O, komandasının bombardirində arxayınlıq yarandığını etiraf edib: “Ramalinqom keyfiyyətli hcumçudur. Lakin bu gün sanki özünü daha hazırlıqlı hesab edir. Razıyam ki, bu gün arxayın görünürdü. Xüsusən də ikinci hissədə bir epizodda real şansı boşa verdi. Sadəlikdən mürəkkəbliyə keçdi ki, bu da fərqlənməsinə mane oldu”.
O, “Zirə”yə 2 qol vurmağın heç də asan olmadığını bildirib: “Zirə” kimi komandaya 2 qol vurmaq asan deyil. Amma bundan da artığını bacara bilərdik. Təəssüf ki, ilk yarıda üçüncü qolu vura bilmədik”.
Diniyev legioner strategiyası haqda da danışıb: “Futbolda uğur qazanmaq üçün 100 faiz lazım olan cəhətlərdən bizdə 80 faizi var. 20 faizi isə çatmır. Hərdən deyirlər ki, “Səbail”in büdcəsi çoxdur, amma biz maddi baxımdan heç “5-lik”də yoxuq. Mən istəsəm, hər mövqeyə 2 futbolçu götürmək olar. Amma bu, müvəqqəti bir şeydir. Komanda yaradırsansa, təməli düz qoymalısan. Keçən il 9-cu olan bu gün 1-ci olsa, gələn il komanda qalmayacaq”.