Samir Abasov Murad Musayevi belə öldürdü.
Gün keçdi, cəmi cümlətanı bir ay oldu. Düz bir ay əvvəl – “Kəpəz”lə oyundan sonra demişdi Murad Musayev bu sözləri. Bir aydan sonra “Sumqayıt”la oyunda futbolçuları hesabı qorumaq üçün ilan kimi sürünürdülər yerdə, vaxtı uzadırdılar. Murad Musayevi isə qane edirdi belə futbol, zövq alırdı komandasının oyunundan.
Və futbolu buraxma fikri də yox idi. Olsaydı, oyundan sonra elan edib gedərdi Rusiyanın ucsuz-bucaqsız çöllərində özünə başqa iş axtarmağa. Murad Musayev getmədi, amma “Sumqayıt”ın baş məşqçisi Samir Abasov öldürdü onu. Özü də meydanda – Musayevin futbolçuları yerdə ilan kimi qıvrılıb vaxt uzadanda “alqışladı” Musayevi bu futbola görə. Abrı olan adam üçün elə ölümdür bu. “Keçmə gözəl Allahdan” deyimi var axı.
Cəmisi bir ay əvvəl “Kəpəz”in oyunu haqda o ifadələri işlədib həmkarını aşağılayanda, bunun cavabı olacaqdı.