Prezident Ərdoğan özünü Atatürkün davamçısı kimi təqdim edir.
Türkiyə respublika statusunda ikinci yüzilliyə adlayarkən Mustafa Kamal Atatürkün qərbyönümlü milli dövlətinin simasını digər avtoritar lider – prezident Rəcəb Tayyip Ərdoğan dəyişir. O, ölkənin müasir tarixində hamıdan çox hakimiyyətdə olub.
Kəskin qütbləşmiş Türkiyədə bu bayram elə də fərəhli hadisə olmayacaq.
Bazar gününə düşən ildönümü İsrailə protest və Qəzzaya dəstək ifadə edən mitinqin ertəsi günü qeyd edilir. Bu, Respublikanın 50-ci və 75-ci ildönümlərinə həsr edilən coşğun təntənələr kimi olmayacaq.
Hakim partiyanın dünyəvi opponentləri tarixin bu önəmli hadisəsinə gərəkən münasibət göstərilmədiyindən şikayətlənirlər, mühafizəkar və dindar kəsim isə buna “məşum ildönümü”, özlərinin “böyük imperiya”larının çöküşünü təsbit edən qara gün kimi baxırlar.
Bu, həqiqətən də imperiyanın məhvi idi.
XVII əsrdə böyük dövlət olan Osmanlı imperiyası artıq XIX əsrə doğru parçalanmağa başaldı. Rusiya imperatoru I Nikolay onu “Avropanın xəstə adamı” adlandırdı.
Osmanlı Birinci dünya müharibəsindən məğlub, parçalanmış və işğal edilmiş çıxdı. Üç qitəni əhatə edən qüdrətli dövlət artıq keçmişdə qaldı.
Millətçi qüvvələr tərəfindən aparılan dörd illik müstəqillik savaşından sonra Osmanlı sultanlığı ləğv olundu. Bu, 1922-ci il noyabrın 1-də baş verdi.
Türkiyə və Birinci dünya müharibəsindən qalib çıxan dövlətlər arasında 1923-cü il iyulun 24-də imzalanan Lozanna müqaviləsi ilə milli dövlətin əsası qoyuldu və müasir Türkiyənin sərhədləri müəyyənləşdirildi.
1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu. Böyük Millət Məclisi Mustafa Kamalı ilk prezident seçdi.
BBC-nin keçmiş jurnalisti və Atatürkün bioqrafı Endrü Manqonun sözlərinə görə, “Mustafa Kamal daha mümkün olmayana qədər döyüşdü, Osmanlı dövlətini müdafiə etdi, imperiya idarəçilərinin vərdişlərini və praqmatizmini miras aldı”.
Bu, “yuxarıdan başlayan, modernizasiya, azadlıq və liberallaşmaya əsaslanan islahatlar” demək idi.
1924-cü ildə Xilafətin ləğvi sultanlığın iki il əvvəlki ləğvinə nisbətən daha mürəkkəb və ziddiyyətli addım idi.
Türkiyənin daxili sənədləri kimi İsveçrənin vətəndaşlıq kodeksi, İtaliyanın cinayət məcəlləsi və Almaniyanın ticarət hüququ təsdiq olundu. Müsəlman təqvimi yerini Avropa təqviminə verdi.
Ərəb yazısını latın əlifbası əvəzlədi. 1934-cü ildə soyadlar haqqında qanun qəbul edildi. Böyük Millət Məclisi Mustafa Kamala Atatürk soyadını verdi.
Türklər daha təbəə deyildilər. Onlar bərabərhüquqlu vətəndaşa çevrildilər. Türkiyə qadınları bir çox Avropa ölkələrindən tez, 1934-cü ildə seçib-seçilmək hüququ qazandılar.
Türkiyənin xarici siyasətinin əsasını “Yurdda sülh, cahanda sülh” prinsipi təşkil etdi. Amma respublikanın yaranmasının10-cu ildönümündə Almaniyada hakimiyyətə Adolf Hitler gəldi.
Atatürkün 1938-ci il noyabrın 10-dakı vəfatı zamanı dünya yeni böhrana yaxınlaşırdı.
Atatürkün dövrü tək hakimiyyətliklə yadda qaldı. Bu, demokratiya deyildi.
Milli dövlət yaradılarkən etnik müxtəliflik basdırılırdı. Türkiyə və Yunanıstan arasında 1923-cü ildə baş tutan əhali mübadiləsi nəticəsində 1,5 milyon insan zorakı köçə məruz qaldı. Respublikanın ilk illərində baş verən kürd üsyanları amansızlıqla yatırıldı.
Çoxmillətli, multikultural imperiyanın xarabalıqları üzərində yaranan gənc milli dövlətdə mədəni və siyasi inqilab həmin dövrdə və həmin şərtlər altında başqa cür baş verə bilərdimi?
Bu mövzu indiyə qədər Türkiyədə qızğın müzakirə olunur.
Yüz il əvvəl radikal islahatlarla başlayan yola indi digər avtoritar liderin rəhbərliyi altında yenə yuxarıdan aparılan dəyişikliklər silsiləsi ilə davam edilir.
Amma Recep Tayyip Erdoğan Türkiyənin gələcəyini öz sələfindən tamam fərqli görür və tarixə öz adını başqa cür yazmağa çalışır.
Atatürkün dini ictimai müstəvidən uzaqlaşdırmaq qətiyyəti möhkəm dünyəvi institutların yaranmasına səbəb oldu. Atatürkdən bəri Türkiyənin ən uğurlu və nüfuzlu lideri olan Erdoğan bunu geri döndərməyi bacardı.
Dəyanət işləri başqanlığı ölkənin siyasi və ictimai həyatında nüfuzlu və yaxşı maliyyələşən oyunçuya çevrildi. İslamçı cəmiyyətlərin siyasi və iqtisadi təsiri xeyli çoxaldı. Ailə zorakılığına qarşı İstanbul konvensiyasından çıxmaq qərarı qadınların vətəndaş hüquqlarının ciddi pozuntusu sayılır.
Tənqidçiləri Erdoğanı “müasir sultan” adlandırırlar, tərəfdarları isə “rəis” sözünə üstünlük verirlər, özü də bu zaman təkcə Türkiyəyə deyil, bütöv İslam dünyasına nisbətdə işlədirlər. Erdoğan daha böyük iz qoymaq qətiyyətindədir.
Onun partiyasının tərəfdarları son 20 ildə Cümhuriyyət tarixinin 100 ilindən çox iş görüldüyünü iddia edirlər.
Hakim partiyanın bir sıra siyasətçiləri respublika dövrünü keçmişin “müvəqqəti hadisə”si kimi qələmə verirlər.
Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi plakatda “3000 illik dövlət, əsrlik cümhuriyyət” sözləri peyda oldu.