• 21 Noyabr 2024 22:25

Əməkdar artistdən Aşıq Əliyə: “Mənəm-mənəm deyən kişilər evdə…”

Aşıq Əlinin efirdə “Qadın evdə ancaq uşağı tərbiyə edə, yeməyini bişirə bilər. Necə yəni qadın söz desin? Qadının özünə məsləhət lazımdır, o necə məsləhət verə bilər” məzmunlu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin bu sözləri xüsusilə, qadınlar tərəfindən sərt təpki ilə qarşılanıb.

Bu barədə Yenicag.az-a açıqlama verən Əməkdar artist Şölə Səfərəliyeva “mənəm-mənəm” deyən bir çox kişilərin evdə qadınları tərəfindən idarə olunduğunu bildirib:

“Hər kəs şəxsi fikir söyləməkdə azaddır, o cümlədən də Aşıq Əli. Amma ən azı onun ailəli xanım həmkarları arasında yetərincə ağıllı qadınlar var. Belə çıxır ki, heç kim işləməməlidir və evdə kişi nə deyirsə, qadın onun sözü ilə oturub-durmalıdır.

Bir vətəndaş olaraq mövqeyim budur ki, hər kəsin söz deməyə haqqı çatır və qadınları aşağılamaq qətiyyən lazım deyil. Bu gün “mənəm-mənəm” deyən bir çox kişilər özləri də bilmədən xanımlarının onlara şüuraltı göstərdikləri yolla gedirlər. Amma elə bilirlər bu, onların öz qərarıdır. Necə ki, deyirlər, kişi başdır, qadın boyun, elələrini evdə xanım idarə edir.

Təəssüf ki, cəmiyyətimizdə bəzi kişilər cahil və savadsız xanımlarla ailə qurmaq arzusundadırlar. Məqsəd də odur ki, təki qadın evdə öz sözünü deyə bilməsin. Amma bir neçə ildən sonra həmin xanımlar da evdə söz, ixtiyar sahibi ola bilirlər.

Sən necə deyə bilərsən ki, qadın yalnız uşaq böyütməlidir, söz demək haqqı olmamalıdır. Bəlkə sən elə bir səhv addım atacaqsan ki, kənardan bunu görən xanımın, yaxud da ailənin digər xanım üzvü o məqamda sənə məsləhət verə, kömək edə, yol göstərə və səni böyük bir bəladan qurtara bilər”.

Tacxeber.com

Oxşar xəbərlər